"Bakı Metropoliteni" QSC güclü qar və şaxtalı hava şəraitinə tam hazırdır.

Bu barədə Unikal.org-a qurumdan bildirilib.

Məlumata görə, qarla mübarizə qərargahının xidməti, məişət və yuyunma otaqlarının qışa hazırlığını təmin etmək məqsədi ilə lazımi təmir işləri aparılıb, qərargah normaya uyğun materiallarla, avadanlıqlarla və alətlərlə təmin olunub. İşçilər üçün xüsusi geyimlər, ayaqqabılar və digər fərdi mühafizə vasitələri alınıb.

Park yollarının ərazisi yoxlanılıb, yollar, yolayırıcı qurğular və üfürücü qurğuların yerləşdiyi yerlər təmizlənib. Yol sahələrində çəpərləmə ləvazimatının, alətlərin və avadanlığın vəziyyəti yoxlanılıb, işə yararsız alətlər təmir olunub.

Yol xidmətinin qəza-bərpa məntəqəsinin də vəziyyəti yoxlanılıb, qış şəraitinə tam uyğun olması təsdiq edilib. Qarın yığılması üçün tələb olunan alətlər saz vəziyyətdədir. Depo və park yollarında izolə qovşaqlarının vəziyyəti daim yoxlanılır, qüsurlu elementləri dəyişdirilir. Ümumən, qışa hazırlıq məqsədilə park yollarında digər profilaktik işlər mütəmadi yerinə yetirilir.

Qış mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq, stansiyalarda da hazırlıq tədbirləri görülüb. Güclü qar yağıntısı zamanı stansiya pilləkənlərindən qarın təmizlənməsi üçün lazım olan alət ehtiyatı hazırlanıb. Pilləkənlərin buzlaşmasına qarşı hər stansiyanın ehtiyatında duz var. Stansiya heyətinin əlverişsiz hava şəraitində, xüsusən qar yağıntısı zamanı fəaliyyəti barədə işçilərə təlimatlar verilib.