Günorta saatlarından Qobustan rayonu ərazisində yağan qar axşam radələrində sürücülər üçün çətinlik yaradıb.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan və Şamaxı rayon ərazisindən keçən hissəsində yollar buz bağladığından avtomobillərin hərəkəti çətinləşib. Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 7 saylı Yol İstismar İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Magistiral yolun 86, 116  km olan ərazilərində yaranan çətinliyin aradan qaldırılması üçün yollara duz və qum səpilib. 

Eyni zamanda Qobustan rayonu Xirmilli kəndi, eləcə də Pirqulu yoluna yağan qar səbəbindən yollarda çətinlik yaranıb. Yol idarəsinin texnikaları vasitəsilə yollar qardan təmizlənib.

Hazırda qardan və buzdan təmizlənən yollarda hər iki istiqamətdə hərəkət bərpa olunub.

Xatırladaq ki, günorta saatlarından etibarən Qobustan, Şamaxı, Ağsu, İsmayıllı və Qəbələ rayonu ərazilərinə qar yağmağa başlayıb.