Argentinanın aparıcı KİV-lərindən olan "La Nacion" qəzetində jurnalist Karlos İlardonun "Lövhə üzərində alov: Azərbaycanda şahmat olimpiadası" başlıqlı  məqalə dərc edilib.
 
Unikal.org APA-ya istinadən xəbər verir ki, məqalədə  şahmat oyununun Azərbaycanda futbol və güləş daxil olmaqla, ən məşhur idman növlərindən olduğu bildirilirdir.
 
"Məhz bu səbəbdən 1-14 sentyabr tarixlərində paytaxt Bakı şahmat lövhəsi üzərində ən məşhur tədbirlərdən birinə - 42-ci Şahmat Olimpiadasına ev sahibliyi edəcək. 170 ölkədən 3000-dən çox idmançının iştirak edəcəyi sözügedən olimpiada təşkilatçılarının bildirdiyi kimi tarixin ən yaxşı olimpiadası olacaq",-deyə məqalə müəllifi bildirib.
 
Məqalədə Azərbaycanın Argentinadakı səfirliyinin müvəqqəti işlər vəkili Rəşad Aslanovun müsahibəsi də yer alıb. R. Aslanov qəzetə müsahibəsində bildirib ki, Azərbaycanın bu səviyyədə keçirilən tədbirlər sahəsində təcrübəsi var: "2015- ci ildə  Bakıda Dünya Şahmat Kuboku və 1-ci Avropa Oyunları keçirilib. İştirakçıların sayından asılı olmayaraq bu dəfə də tədbirin yüksək səviyyədə keçirilməsində heç bir problem olmayacaq".
 
Müvəqqəti işlər vəkili qeyd edib ki, tədbirin təhlükəsizliyi təşkilatçıların diqqətində olan əsas məsələlərdəndir.