Azərbaycan Turizm və Menecment Universitetində “20 Yanvar: Azərbaycanın qəhrəmanlıq salnaməsi” mövzusunda “dəyirmi masa” keçirilib.

Unikal.org xəbər verir ki, ATMU-nun rektoru İlham Mədətov 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan “dəyirmi masa”da çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə totalitar sovet rejiminin Azərbaycan xalqına qarşı həyata keçirdiyi tarixi cinayət haqqında ətraflı məlumat verib. 20 Yanvar faciəsini “çağdaş Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsi” adlandıran rektor ümummilli lider Heydər Əliyevin keçmiş sovet rəhbərliyinin Azərbaycanda törətdiyi hərbi siyasi cinayətin beynəlxalq aləmə çatdırılmasındakı tarixi xidmətlərindən danışıb. İ.Mədətov 20 Yanvar faciəsini sovet imperiyası tərəfindən xalqımızın müstəqillik əzmini sarsıtmaq üçün qabaqcadan düşünülmüş ssenari əsasında həyata keçirildiyini diqqətə çatdırıb.Son iki əsrdə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı və işğalçılıq siyasətinin növbəti mərhələsi olduğnu, 20 Yanvar faciəsinin erməni və ermənipərəst sovet rəhbərliyi tərəfindən törədildiyini qeyd edib. Dövlət müstəqilliyimizə tuşlanan gülləyə sinələrini sipər edən qəhrəman oğul və qızlarımızın gələcək nəsillərə örnək olduğunu, onların əziz xatirələrinin daima əziz tutulacağını vurğulayıb.

Tədbirdə universitetin İctimai fənlər  kafedrasının müdiri ,dos.İbrahim Əliyev, adıçəkilən kafedranın professoru Məhərrəm Zülfüqarlı detallı məruzələrində bildiriblər ki, 1990-cı il yanvar ayının 20-i Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut edib. 

Faciədən bir gün sonra ümummilli lider Heydər Əliyev təhlükə və təqiblərə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinə, kommunist rejiminə etirazını bildirməklə, düzgün qərar qəbul etmək bacarığını bir daha təsdiqləyib. Bu faciə zamanı xalqımızın Azərbaycan milləti olaraq düşmənə qarşı birləşdiyini bütün dünyaya bildirib.

Qeyd edilib ki,  Qanlı Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymət yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra verildi. Ulu öndər 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutub,dahi rəhbərin təşəbbüsü ilə Şəhidlər Xiyabanında möhtəşəm abidə kompleksi ucaldılıb.

ATMU-da gün ərzində 20 Yanvar faciəsinə həsr olunan sənədli və bədii əsərlər sərgilənib.