PHP Scriptler dizi izle iptv Warez Mavi Orkide Mavi orkide Beyaz orkide "Struktur dəyişiklikləri texniki xarakter daşımasın" - Qubad İbadoğlu - Unikal.org
17 Fevral 2019
"Struktur dəyişiklikləri texniki xarakter daşımasın" - Qubad İbadoğlu
"Struktur dəyişiklikləri texniki xarakter daşımasın"- Qubad İbadoğlu İQTİSADİYYAT 10:22 2019-01-21

"Məntiqi ardıcıllığa görə, struktur dəyişiklikləri əgər dövlət idarəetmə sistemində və qərar qəbuletmə mexanizmində islahatlara xidmət edirsə, Nazirlər Kabineti üzvlərinin təsdiqindən əvvəl, əgər dövlət maliyyələşdirilməsinin səmərəliliyinin artırılması və dövlət xərclərinin rasionallaşdırılması məqsədi güdürsə, onda yeni büdcə ili başlamamışdan aparılır".

Unikal.org xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu son günlər idarəçilikdə tətbiq edilən yeni struktur dəyişikliklərini şərh edərkən deyib.

"Azərbaycanda bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında prezidentin fərmanı isə yeni büdcə ilində və prezident seçkilərindən sonra yəni, 17 yanvar 2019-cu il imzalanıb. Hətta bu fərman nəticəsində ləğv edilən dövlət qurumlarına 2019-cu ilin büdcəsində maliyyələşmə də nəzərdə tutulub. Düzdür, Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində də aşağı neft qiymətləri dövründə institusional və struktur çağırışlar, tədiyə balansı və qeyri–neft büdcə kəsiri, maliyyə-bank sektorunda baş verən proseslər fonunda Azərbaycanda yeni iqtisadi inkişaf yanaşmasına keçid zərurəti qeyd olunub. Lakin, bu daha aşağı neft qiymətləri dövrünə hədəflənmişdi.

Sonradan neft qiymətlərinin bahalaşması bu sahədə dəyişikliklərə zərurət yaratmadı. Beləliklə də, xüsusilə də 2016-cı ildən başlayaraq, ümumi dövlət xidmətləri daha çox dövlətin daxili və xarici borclarının ödənilməsi ilə bağlı xərclərin artımı hesabına şişdi və bu il üçün 3886,8 milyon manat və ya dövlət büdcəsinin 15,4 faizi qədər proqnozlaşdırıldı. 

Hazırda struktur islahatları adı ilə həyata keçirilən dəyişikliklər əsasən iki zərurətdən irəli gələ bilər. Birincisi, Azərbaycanın əsas ixrac məhsulu olan xam neftin dünya bazar qiymətlərində gözlənilən ucuzlaşmaya görə büdcə xərclərinin ixtisari, ikincisi isə hakimiyyət daxili qüvvələr arasında balansın yaradılması. 

İstənilən halda belə dəyişikliklər qərar qəbul etmə mexanizminin təkmilləşdirilməsi, idarəetmə orqanlarının hesabatlılığının və şəffaflığının artırılması, bu prosesdə ictimai iştirakçılığın təmini ilə müşahidə olunmazsa, ondan ciddi səmərə gözləməyə dəyməz. Eyni zamanda, bu dəyişikliklərin effektivliyi dövlət idarəetməsində əmək haqlarının artırılması, korrupsiya ilə mübarizə və kadrların yenilənməsindən də asılıdır. Çox istərdim ki, struktur dəyişiklikləri texniki xarakter daşımasın, məhkəmə-hüquq və qanunun aliliyinin təminatı sahəsində institusional islahatlarla davam etdirilsin”.