Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda “Equinor” (keçmiş “Statoil”) şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb.

Unikal.org AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə “Azəri-Çıraq-Günəşli” yataqlar bloku ilə bağlı SOCAR-la “Equinor” şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Dövləti başçısı “Equinor”un Azərbaycanda fəaliyyətini davam etdirməsindən məmnunluğunu bildirib.

Söhbət zamanı “Qarabağ”, “Əşrəfi”, “Dan ulduzu” perspektiv layihələri və “Dədə Qorqud” qurğusunun təmiri ilə bağlı fikir mübadiləsi aparılıb.

*** 11:00

Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti Loik Tassel ilə görüşüb.

Unikal.org AzərTac-a istinadən xəbər verir ki, Loik Tassel son illərdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatların müsbət nəticələr verdiyini vurğulayaraq qeyd etdi ki, ölkədə yaradılan biznes mühiti və investorlar üçün şərait başqa şirkətlər kimi, “Procter and Gamble” şirkətini də Azərbaycanda öz fəaliyyətini genişləndirməyə həvəsləndirir.

“Procter and Gamble” şirkətinin Azərbaycandakı fəaliyyətinə toxunan Loik Tassel bildirdi ki, şirkət təkcə istehlak mallarının satışı ilə məşğul deyil, eyni zamanda, ölkədə reklam bazarının inkişafına əhəmiyyətli töhfə verir. Azərbaycanın televiziya məkanında ən böyük reklam sifarişçisi olan şirkət müxtəlif sosial layihələrə, idman yarışlarına sponsorluq və digər dəstək tədbirləri həyata keçirməklə sosial məsuliyyət missiyasını da yerinə yetirir.

Loik Tassel bildirdi ki, “Procter and Gamble” şirkəti yaranmış biznes mühitindən istifadə edərək regionda fəaliyyətini genişləndirmək istəyir. Bu məqsədlə Bakıda fəaliyyətini böyütməklə Orta Asiya və digər region ölkələrinə öz məhsullarının satışını artırmaq marağındadır. Azərbaycandakı mövcud biznes mühiti bu şirkətin regional mərkəz kimi Bakını seçməsinə səbəb olub.

Prezident İlham Əliyev Azərbaycanda yaradılan biznes mühiti, gömrük, vergi və digər sahələrdə həyata keçirilən islahatlardan danışdı. Dövlətimizin başçısı şirkətin Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi barədə qərarların düzgün olduğunu vurğuladı. Prezident İlham Əliyev Azərbaycan dövlətinin investorlara, sahibkarlara bundan sonra da dəstək verəcəyini bildirdi.