2018-ci ildə Bakı şəhərinin 8 rayonun icra hakimiyyəti ilə bağlı qanunsuz tikililərə görə, Baş Prokurorluğa müraciət edildi.

Unikal.org xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev deyib. Komitə sədri əlavə edib ki, Azərbaycanın bölgələrində yerləşən 6 rayonunun icra hakimiyyəti orqanları ilə bağlı sənədlər Baş prokurorluğa göndərilib:

“2018-ci ildə Bakı şəhərinin 8 rayonunun, habelə ölkənin 6 rayonunun icra hakimiyyəti orqanlarının fəaliyyətinə dövlət şəhərsalma nəzarəti çərçivəsində şəhərsalma qanunvericiliyinin və normativ-hüquqi sənədlərin tələblərinin pozulması faktları aşkar edilmiş, bununla bağlı müvafiq nöqsanları aradan qaldırmaq məqsədilə ümumilikdə 22 icrası məcburi olan “Göstəriş” tərtib olunaraq yerli icra hakimiyyəti orqanlarına təqdim olunmuşdur. Eyni zamanda, 21 fakt üzrə pozuntularda cinayət əməlləri olduğundan müvafiq məlumat Azərbaycan Respublikasının Baş prokurorluğuna təqdim olunmuş, faktlar üzrə araşdırmalara başlanılmış, bir hissəsi üzrə cinayət işləri açılıb”.