İctimai Palatada  şok istefalar
İctimai Palatada şok istefalar

AXCP ilə Müsavat yolunu ayırdı

Artıq bir neçə aydır ki, müxalifət daxilində bir gərginlik müşahidə olunmaqda və müxalifətin apardığı mübarizənin formasının dəyişdiyini görməkdəyik. Bir il öncəyə qədər müxalifət, əsasəndə İctimai Palata hədəf olaraq hakimiyyəti seçib,bu istiqamətdə cidi addımlar atırdısa,hazırda durum dəyişib.Ən maraqlısı isə budur ki, müxalifətin hədəfi hakimiyyət yox, öz daxillərinə yönəlib.

Bunun isə bir sıra səbəbləri var. İlk növbədə ona görə ki, müxalifətin bu gündə strateji və taktiki mübarizə proqramı yoxdur və bu səbəbdən cəmiyyətə təsir etmə şanslarını itiriblər. Son iki ildə müxalifət mövcudluğunu yalnız kütləvi aksiyalarla nümayiş etdirə bildi və buda sonda fiasko ilə tamamlandı. Belə olan halda gündəmdə qalmaq üçün müxalifət məcburdur ki, yeni metodlardan istifadə etsin. Bu metodlar isə elə köhnə yanaşmalardır. Söhbət müxalifətdaxili toqquşmalardan gedir. Amma bu toqquşmalar indi daha maraqlı şəkildə inkişaf edir. Dünənə qədər hansısa müxalif partiyalar üz-üzə gəlirdisə, indi gərginlik müxalifətin cəmləşdiyi İctimai Palatada cəryan edir. Son parlament seçkilərindən sonra formalaşan və əsasən AXCP və Müsavatdan təşkil olunan İctimai Palata bu gün müxalifətin özü üçün baş ağrısına çevrilib.

İctimai Palata bəlası

İctimai Palata ilk dövrlərdə ümidverici bir təşkilat təsiri bağışlasada, fəaliyyəti dövründə təşkilatlanmada buraxdığı yanlışlığa,digər müxalifət partiyalarına qısqanclıq nümayiş etdirməsinə və ən əsası yalnız kütləvi aksiyaları mübarizə metodu seçməsinə görə təşkilata maraq azaldı və AMİP başda olmaqla bir sıra siyasi qurumlar İctimai Palatanı tərk etdi. Bundan başqa İctimai Palata yeni sosial bazanın cəlbi məsələsində də uğur qazana bilmədi və demək olar ki, bu yerində saymadan başqa nəsə olmadı.

Vahid namizəd
savaşı

İctimai Palata son altı ayda isə daha maraqlı bir problemlə rastlaşdı. 2013-cü ildə qarşıdan prezident seçkiləri gəlir və müxalifət düşərgəsi seçkilərdə vahid namizədlə iştirak etmək təşəbbüsü ilə çıxış edir. Amma qərara alınır ki, vahid namizəd məsələsi gündəmə gətirilməsin və ilk növbədə seçki öncəsi demokratik mübarizənin formalaşması istiqamətində addımlar atılsın.
Amma aydın idi ki, bu təklif ona görə səsləndirilmişdi ki, müxalifət vahid namizəd müəyyənləşdirməyə hazır deyildi və İctimai Palatanın dağılmaması üçün zaman qazanılırdı. Bu zamanı isə həbsdən azad olunan Müsavat Mərkəzi Aparatının rəhbəri Arif Hacılı alt-üst etdi. Arif Hacılı bildirdi ki, vahid namizədin müəyyənləşməsi üçün zaman ötürmək mənasızdır. Əgər vahid namizədə görə İctimai palata dağılacaqsa,qoy indidən dağılsın. Arif Hacılı bununla ortaya cəsarət qoydu və siyasi qurumlar arasındakı qarşılıqlı inamsızlığın aradan qaldırılmasını tələb etdi. Amma yenə də məsələ açıq qaldı və ilk qərar qüvvəsində saxlanıldı. O zamana kimi ki, Müsavat başqanı komplekslərdən çıxaraq bəyanatını səsləndirdi.

İctimai Palatada
tufan

Müsavat başqanı gözlənilmədən effekt yaradacaq açıqlama ilə çıxış etdi. Bəyan etdi ki, 2013-cü ildə seçkilərdə iştirak edəcək. Bununla da vahid namizəd məsələsinə ağır zərbə vuruldu. Və həmin vaxt ortaya bir sual çıxdı,nədən İsa Qəmbər gözlənilməz açıqlama ilə çıxış etdi?Ekspertlər bunu bir neçə məsələ ilə izahlayırlar.
1. İsa Qəmbər,İctimai Palatanın dağılacağını bildiyindən bu addımı atdı
2. AXCP-in digər partiyalarla gizli danışıqlar apararaq Əli Kərimlinin vahid namizəd olması istiqamətində işlər aparmasını bildiyindən qabaqlayıcı addımlar atdı
Yeri gəlmişkən bunu da qeyd edək ki, artıq sosial şəbəkələrdə Əli Kərimlinin vahid namizəd olması ilə bağlı kompaniya başlamışdı. Qayıdaq mövzuya. Beləliklə AXCP ilə Müsavat arasında gərginlik yarandı. Hətta AXCP rəsmiləri İsa Qəmbərdən hesabat tələb etdilər. Amma İsa Qəmbər nəinki hesabat verdi,hətta "namizədliyimi verəcəyimi deyəndən sonra qurbağa gölünə daş atıldı"-ironiyası ilə müzakirələri susdurdu.Amma bu susqunluq tufan qabağı susqunluq idi.
Əsas sunami isə indilikdə baş verməkdədir. İndilikdə nə baş verir?

İsa Qəmbər
tərfdarlarından
sərt zərbə

Bu günlərdə İctimai palatada növbəti ojiotaj yarandı. Qurumun aparıcı simaları istefa verdilər. Çox maraqlıdır istefa verənlər daha çox İsa Qəmbərə yaxınlığı ilə seçilən şəxslərdir. Öncəliklə İP-in və Müsavat partiyasının üzvü Elnur Astanbəyli,daha sonra isə İP-in Kordinasiya Şurasının vacib simaları olan Pənah Hüseynli, Köçəri Nağıbəyli, Zəfər Quliyev istefa verdi. Bildirək ki, istefaların səbəbi Ramin Səfərovla bağlı YAP-la müxalifət partiyalarının bir araya gələrək beynəlxalq təşkilatlara ünvanlı qətnəma qəbul etmələri oldu.
"Pənah Hüseyn, Köçəri Nağıbəyli və mənim İctimai Palatanın Kordinasiya Şurasından istefa verməyim barədə yayılan xəbər həqiqəti əks etdirir". Bunu açıqlamasında İctimai Palatanın Kordinasiya Şurasının üzvü, politoloq Zəfər Quliyev söyləyib.
Zəfər Quliyev deyib ki, onlar istefa vermək barədə qərarlarını elə iclasın sonunda elan ediblər. O, bu addımı atmalarının əsasında Müsavat Partiyası və AXCP-nin keçən həftə Avropa Parlamentinin qətnaməsinə etirazla bağlı müraciətə Yeni Azərbaycan Partiyası (YAP) ilə birgə imza atmalarını göstərib: "İclasda YAP-ın təşəbbüsü ilə siyasi partiyaların birgə Avropa Parlamentinin qətnaməsinə etiraz xarakterli müraciətə Müsavat və AXCP-nin qoşulmasını müzakirə edirdik. Bu məsələdə mövqelər üst-üstə düşmədi. Bizim Ramil Səfərovu müdafiə etməklə bağlı mövqeyimizdə fərq yox idi. Ancaq Avropa Parlamentinin həmin qətnaməsində Azərbaycanda insan hüquqları, demokratiya ilə bağlı məsələlər vardı. İnsan haqları və demokratiya məsələsində YAP-la İctimai Palatanın mövqeyi üst-üstdə düşə bilməz. Biz bu məsuliyyəti bölüşməklə İctimai Palataya zərbə vura bilərdik. Müsavat Partiyası və AXCP təmsilçiləri isə o müraciətə imza atmışdılar. İctimai Palatanın Kordinasiya Şurasında qərarlar əsasən konsensus yolu ilə həll olunur. Dünən ilk dəfə konsensus əldə olunmadı, məsələ səsverməyə çıxarıldı. 11 Kordinasiya Şurası üzvündən 8-i Müsavat və AXCP-nin addımını dəstəklədi. Lakin bizim mövqe fərqli idi. Hesab edirik ki, biz bu məsələni dəstəkləyə bilmərik. Ona görə də qərar qəbul olunandan sonra hər üçümüz istefa vermək barədə niyyətimizi elan etdik. İstefamızın qəbul olunub-olunmamasına gəlincə, mənzərənin aydınlaşması, götür-qoy edilməsi lazımdır. Biz istefa vermək niyyətimizi elan etmişik".
Amma ekspertlər hesab edir ki, bu istefalar əslində göründüyü kimi deyil,məsələnin arxasında daha maraqlı məqamlar var.

Sonuncu zərbə

Müşahidəçilər hesab edir ki, əslində bu istefalar, Müsavat və AXCP-in məlum qətnaməyə imza atmaları ilə bağlı yox, Müsavatın taktiki maraqlarını təmin etmək üçündür. Belə ki, prezident seçkiləri yaxınlaşdıqca Müsavat artıq zamanı itirmədən, İctimai Palatasız seçkilərə hazırlıq kompaniyasına başlamaq istəyir. Amma İctimai Palata mövcud olduğu qədər Müsavat bu prosesə ciddi start verə bilmir. Buna görə də hesab edilir ki, istefa verən şəxslər əslində Müsavat başqanı İsa Qəmbərin maraqlarına uyğun hərəkət edir. Tək bunu demək kifayətdir ki, istefa verən siyasilərdən biri Pənah Hüseynli İsa Qəmbərin ən yaxın dostudur və bir müddət öncə ilk dəfə Pənah Hüseynli vahid namizəd məsələsini gündəmə gətirmişdi və İsa Qəmbəri əsas namizəd kimi dəyərləndirmişdi.Maraqlıdır,bəs bu istefalar İsa Qəmbərin maraqlarına hansı formada cavab verə bilər? Qeyd olunur ki, İctimai Palatadan siyasi aslılığı olmayan şəxslər istefa verəndən sonra bu qurum faktiki olaraq AXCP və Müsavatdan ibarət olacaq və bu səbəbdən İctimai Partiyanın mövcudluğuna ehtiyac qalmayacaq. Nəticədə sabah Müsavat İctimai palatanın dağıdılmasında səbəbkar kimi görünməyəcək. Çünki bu gün faktiki İctimai Palatanın dağılması prosesi başlayıb və bu prosesə Pənah Hüseynli ilə Zəfər Quliyev rəhbərlik edir. Bunu da qeyd edək ki, İctimai Palatada baş verən son proseslər AXCP sədri Əli Kərimli üçün növbəti zərbə oldu və hazırda Əli Kərimli sürətlə təklənməyə başlayıb. Hesab etmək olar ki, bu istefalar prosesə katalizator təsiri edəcək və İctimai palatanın rayon şöbələrində də bu prosesə qoşulmalar olacaq. Buda proqnozlaşdırılır ki, yaxın bir ay ərzində İctimai palata qeyri-rəsmi olarq fəaliyyətini dayandıracaq və AXCP ilə Müsavat ayrı-ayrılıqda seçki kompaniyasına start verəcəklər. Hədəf isə yenə də hakimiyyət yox, ilk növbədə müxalifət daxilində ki, güclər olacaq.
Mehdi Əli