Yanvarın 29-da Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş Konfrans çərçivəsində İqtisadiyyat, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı nazirlərinin, Dövlət Gömrük Komitəsinin və Qida Təhlükəsizliyi Agentliyinin sədrlərinin iştirakı ilə sahibkarlarla görüş keçirilib.

Unikal.org xəbər verir ki, görüşdə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı, vergi, gömrük, sahibkarlıq, ixrac, eləcə də sosial və s. sahələrdə həyata keçirilən tədbirlər barədə məlumat verilib, sahibkarları maraqlandıran məsələlər müzakirə olunub.

Tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş Konfransda dövlət başçısı 3-cü Dövlət Proqramının icrası çərçivəsində görülmüş işləri yüksək qiymətləndirilib, qarşıdakı illərdə iqtisadiyyatın, o cümlədən sahibkarlığın inkişafı istiqamətində mühüm vəzifələr müəyyənləşdirib.

İqtisadiyyat naziri qeyd edib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmzidəki ictimai-siyasi sabitlik, həyata keçirilən davamlı islahatlar nəticəsində yaradılan güclü iqtisadi potensial dünyada gedən çətin geosiyasi proseslər fonunda ölkə iqtisadiyyatının dayanıqlı inkişafını, makroiqtisadi sabitliyi təmin edib, bu isə regionların sosial-iqtisadi inkişafında müstəsna rol oynayıb. Bildirilib ki, son dövrlərdə ölkəmizdə müasir iqtisadi şəraitin tələblərinə uyğun olaraq çoxşaxəli və ardıcıl islahatlar həyata keçirilib, qeyri-neft ixracının artırılması üzrə kompleks stimullaşdırıcı tədbirlər görülüb, regionların tarazlı inkişafı təmin edilib, dövlət-sahibkar münasibətlərinin və biznes-investisiya mühitinin təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişafı, özəl sektorda təşviq alətlərinin tətbiqi, sahibkarlığa dövlət dəstəyi daim diqqətdə saxlanılıb.

Həyata keçirilən genişmiqyaslı islahatlar mötəbər beynəlxalq maliyyə qurumlarının hesabatlarında, o cümlədən Dünya Bankının “Doing Business 2019” hesabatında yüksək qiymətləndirilərək Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin daha yüksək səviyyəyə qalxmasına imkan verib. Belə ki, Dünya Bankının dərc etdiyi “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olunub. Yeni hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib.

İqtisadiyyat naziri Şahin Mustafayev diqqətə çatdırıb ki, icrası başa çatan Dövlət Proqramı çərçivəsində 2014-2018-ci illərdə regionların inkişafına ümumilikdə 24,2 milyard manat vəsait yönəldilib. Dövlət başçısının şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı imzaladığı 400-dən çox sərəncamla 2,8 milyard manat vəsaitin ayrılması regionların sosial-iqtisadi inkişafında həlledici rol oynayıb.

Qeyd edilib ki, kənd təsərrüfatının subsidiyalaşdırılması və vergilərdən azad olunması, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, lizinq xidmətlərinin təşkili, investisiyaların və ixracın təşviqi, lisenziyalaşdırmanın təkmilləşdirilməsi, yoxlamaların dayandırılması müddətinin 2021-ci il yanvarın 1-dək uzadılması, yerli istehsalın stimullaşdırılması məqsədi ilə dövlət

İqtisadiyyat Nazirliyi satınalmalarında yerli məhsulların dəyərinə 20% güzəştin tətbiqi, ixrac təşviqinin verilməsi və digər dövlət dəstəyi mexanizmləri ölkədə sahibkarlığın inkişafında mühüm rol oynayır.

Pambıqçılıq, tütünçülük, baramaçılıq, sitrus meyvəçiliyi, çayçılıq, çəltikçilik, şərabçılıq və xalçaçılıq sahələrinin inkişafı ilə bağlı qəbul edilən dövlət proqramları və bu sahədə görülən işlər aqrar sektorun və sənayenin inkişafında, regionlarda məşğulluğun və ixrac potensialının artmasında əhəmiyyətlidir.

Vurğulanıb ki, ölkədə sahibkarlığın dəstəklənməsi, özəl investisiyaların təşviqi, vergi güzəştlərinin optimallaşdırılması və iqtisadi səmərəsinin yüksəldilməsi, startapların, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterlərinin yaradılması sahibkarlığın inkişafı üçün geniş imkanlar açır.

Bildirilib ki, qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini və siyasətini həyata keçirmək məqsədi ilə mühüm struktur islahatları həyata keçirilib.

Nazir Şahin Mustafayev bildirib ki, gömrük rəsmiləşdirilməsi sahəsində aparılan islahatlar ölkəmizdə sahibkarlığın inkişafına, qeyri-neft məhsullarının ixracına əlavə stimul yaradıb və biznes mühitinin daha da yaxşılaşmasında əhəmiyyətli addım olan hökumət-biznes münasibətlərində “Könüllü riayət mədəniyyəti”nin əsasını qoyub.

İqtisadiyyat naziri əhalinin məşğulluğunun təmin olunması, yаşаyış səviyyəsinin daha da yaxşılaşdırılması, vətəndaşların ünvanlı sosial yardımdan asılılığının aradan qaldırılması iqtiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb, dövlət məşğulluq siyasətində keyfiyyətcə yeni bir mərhələnin başlandığnı qeyd edib.

Sosial layihələrin reallaşdırılmasında misilsiz xidmətləri olan Heydər Əliyev Fondunun, şəxsən I Vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən sosial layihələr regionlarda yaşayan əhalinin rifahının yüksəlməsinə əhəmiyyətli töhfə verir.

Nazir Şahin Mustafayev qeyd edib ki, regionların inkişafında əsas alətlərdən biri kimi Sumqayıt və Mingəçevirdə sənaye parklarının, Neftçala, Masallı, Hacıqabul və Sabirabadda sənaye məhəllələrinin yaradılması, 33 rayonun ərazisində 51 aqroparkın və iri fermer təsərrüfatlarının təşviqi bölgələrin potensialından səmərəli istifadə etməklə sahibkarlığın inkişafını sürətləndirir.

İqtisadiyyat naziri sahibkarları yaradılan sənaye park və məhəllələrində fəaliyyət göstərməyə dəvət edib.

Diqqətə çatdırılıb ki, ixracın təşviqi, xüsusilə qeyri-neft ixracının dəstəklənməsi məqsədilə indiyədək 24 ixrac missiyası təşkil edilib, Azərbaycan şirkətləri 17 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak edib, müqavilələr imzalanıb, 104,2 milyon dollar dəyərində məhsulların müxtəlif ölkələrə, o cümlədən bir sıra yeni bazarlara ixracı ilə əlaqədar 8 milyon manatadək ixrac təşviqinin ödənilməsinə dair qərarlar qəbul edilib.

İnvestisiyanın təşviqi müxanizmlərindən danışan İqtisadiyyat naziri diqqətə çatdırıb ki, indiyədək 292 sahibkarlıq subyektinə 333 investisiya təşviqi sənədi verilib. Bu layihələrin icrası nəticəsində yerli istehsala 2,8 milyard manatdan artıq investisiya yatırılacaq, 22 minədək yeni iş yeri yaradılacaqdır. Bu layihələrin 87%-i regionların payına düşür.

Qeyri-neft sektorunun inkişafına dövlət dəstəyi tədbirləri nəticəsində 2014-2018-ci illərdə qeyri-neft sektoru 8%, qeyri-neft sənayesi isə 32% artıb. Görülən işlər nəticəsində 2004-2018-ci illər ərzində 1,5 milyonu daimi olmaqla 2 milyondan artıq yeni iş yeri açılıb.

Dövlət Proqramının icrası dövründə Azərbaycan arıçılar, şərab, nar, meyvə-tərəvəz, fındıq, xurma, zeytun, tütün, tekstil, çay, süd və süd məhsulları, istehsalçıları və ixracatçıları, qablaşdırma sənayesi, mebel, tikinti materialları, maşın və avadanlıq istehsalçıları və qadın sahibkarlığının inkişafı assosiasiyaları fəaliyyətə başlayıb və artıq bu sahələrin inkişafına öz müsbət töhfəsini verir.

2014-2018-ci illərdə 16 mindən çox sahibkarın ümumi dəyəri 2,6 milyard manat olan layihəsinə 1 milyard manatdan çox güzəştli kredit verilib, bunun 79%-i aqrar sektorun, 21%-i isə müxtəlif sənaye və digər sahələrin inkişafına, o cümlədən 70%-i regionların payına düşüb. Pambıqçılığa 16,5 milyon manat, tütünçülüyə 2,1 milyon manat, 2760 ha zeytun və 300 ha badam bağlarının salınmasına və illik istehsal gücü 3,9 min ton olan zeytun yağı istehsalı zavodunun tikintisinə 13,9 milyon manat güzəştli kredit verilib. 2018-ci ildə məhz geri qaytarılan vəsaitlər hesabına sahibkarlara 160,2 milyon manat dövlətin güzəştli krediti verilib. Bu il isə yalnız geri qaytarılan vəsaitlər hesabına minimum 160 milyon manat kredit veriləcəkdir.

İqtisadiyyat naziri tərəfindən sahibkarların diqqətinə çatırılıb ki, dövlət başçısının müvafiq Fərmanı ilə yaradılmış İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyəti, iri rayon və şəhərlərdə “Kiçik və Orta Biznes evləri” kiçik və orta sahibkarlığın rolunu və rəqabət qabiliyyətini artıracaq, bu sahədə idarəçiliyi təkmilləşdirəcək, sahibkarların dövlət xidmətlərinə vahid məkan prinsipi əsasında çıxışını təmin edəcəkdir. Hazırda “KOB Dostu” şəbəkəsinin də genişləndirilməsi işləri aparılır. Artıq Masallı, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Gəncə və Yevlaxda “KOB Dostu” fəaliyyət göstərir.

Nazir Şahin Mustafayev ötən il sahibkarlarla keçirilmiş görüşdə qaldırılan məsələlərin həlli istiqamətində görülmüş işləri diqqətə çatdırıb, iş adamlarını müzakirələrdə fəal olmağa dəvət edib.

Kənd Təsərrüfatı naziri İnam Kərimov aqrar sahəyə göstərilən dövlət dəstəyi tədbirləri, bu sahədə həyata keçirilən institusional islahatlar, o cümlədən “Elektron kənd təsərrüfatı” informasiya sisteminin (EKTİS) yaradılması istiqamətində görülmüş işlərdən bəhs edib. Bildirilib ki, kənd təsərrüfatının innovativ əsaslar üzərində və müasir informasiya texnologiyalarının tətbiqi yolu ilə təkmilləşdirilməsi aqrar sahədə dövlət siyasətinin mühüm vəzifələrindən biridir və bu istiqamətdə qarşıya qoyulan vəzifələr icra olunur. Aqrar sahədə fəaliyyət göstərən iş adamları və fermerlərin təşəbbüslərinin bundan sonra da dəstəklənəcəyini vurğulayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev çıxışında dövlət başçısının tapşırıqlarına uyğun olaraq əmək, məşğulluq, sosial müdafiə, əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahələrində xidmətlərin və iş mexanizmlərinin şəffaflaşdırılması və optimal əsaslarla təşkili, keyfiyyətinin artırılması istiqamətində həyata keçirilmiş tədbirlər barədə məlumat verib. Yeni yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) və DOST mərkəzlərinin fəaliyyət istiqamətləri, “e-sosial” internet portalı vasitəsilə göstərilən xidmətlər iş adamlarının diqqətinə çatdırılıb.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, gömrük orqanlarında həyata keçirilən islahatlar ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamaqla yanaşı, sahibkarlıq mühitinin yaxşılaşdırılması və biznes mühitinin inkişafına da töhfəsini verir. Gömrük orqanları ilə sahibkarlıq subyektləri arasında səmərəli dialoq qurulur, şəffaflıq təmin edilir, gömrük prosedurları sadələşdirilir, qanunvericilik bazası ardıcıl olaraq təkmilləşdirilir. Səfər Mehdiyev bu islahatların, ilk növbədə biznes subyektlərinin, əsasən də kiçik və orta sahibkarlığın inkişafı baxımından xüsusi əhəmiyyətini diqqətə çatdırıb.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, əhalinin qida məhsulları ilə etibarlı təminatı dövlətin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindəndir. Son illər Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə reallaşdırılan tədbirlər nəticəsində qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində mühüm nailiyyətlər əldə edilib. Agentlik tərəfindən bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, milli standartların beynəlxalq tələblərə tam uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir.

Vergilər nazirinin müavini Sahib Ələkbərov vergi sistemində şəffaflığın təmin edilməsi , vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi, vergi orqanlarında idarəetmə prinsiplərinin yenidən təşkili, dinamik və müasir idarəetmə prinsiplərinə əsaslanan vergi inzibatçılığının formalaşdırılması istiqamətində aparılan işlər barədə danışıb, Nazirliyin qarşısında duran əsas hədəfləri qeyd edib. Vergilər sahəsində həyata keçirilən islahatlar, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, vergilərin tam həcmdə və vaxtında ödənilməsinə nəzarətin artırılması, sahibkarlar arasında vergi mədəniyyətinin yüksəldilməsi istiqamətində Nazirlik tərəfindən həyata keşirilən tədbirlər diqqətə çatdırılıb.

Çıxış edən sahibkarlar özəl sektorun inkişafına göstərilən dəstək tədbirlərinə görə dövlət başçısına təşəkkür edib, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılması, istehsalçılar, emalçılar və alıcılar arasında əlaqələrin genişləndirilmsi, vergi və gömrük, ixraca dəstək mexanizmləri, sahəvi assosiasiyaların yaradılması və s. məsələlərə dair fikirlərini bildiriblər.

Görüşdə iş adamlarının təklifləri dinlənilib və sualları cavablandırılıb.

Sonda İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi arasında “Ticarətin Asanlaşdırılması”na dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, ticarətin asanlaşdırılması istiqamətində birgə tədbirlərin görülməsi, dayanıqlı iqtisadi inkişafın təmin edilməsi və iqtisadiyyatın diversifikasiyası, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, xarici ticarət iştirakçılarına əlverişli biznes mühitinin yaradılması, idxal-ixrac əməliyyatlarının optimallaşdırılması və digər sahələr üzrə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulub.