"Futbolçunun Ermənistan çempionatında oynamasına fikir vermirik. Heyətimizə qatdığımız oyunçu Ermənistan vətəndaşı deyil". 

Unikal.org xəbər verir ki, bunu "Report"a açıqlamasında "Zirə" klubunun baş məşqçisi Samir Abasov Ermənistan çempionatında oynamış futbolçu İsmail Fofananın komandaya cəlb olunmasına münasibət bildirərkən deyib. 

41 yaşlı mütəxəssis belə bir hadisənin daha öncə də yaşandığını xatırladıb: "Yadıma gəlir ki, futbolçu karyeramda "İnter"də (hazırkı "Keşlə") çıxış etdiyim vaxt komandaya belaruslu oyunçu gəlmişdi, o da vaxtı ilə Ermənistanda oynamışdı. Aldığımız oyunçu o ölkəyə gedibsə, onun əsas fikri orada futbol oynamaq olub. Bu məsələ bir o qədər də önəm kəsb eləmir. Əsas odur ki, Fofana separatçı dövləti dəstəkləmir. Futbolçu ilə bağlı bu yöndə söz-söhbətlər olsa, klub rəhbərliyi, məşqçilər və futbolçular ona bildirəcək ki, hansı dövlət necədir. İstəyimiz oyunçunun bizim komandamıza xeyr verməsidir".

Samir Abasov "Zirə"yə qoşulan yeni futbolçulara bəzi günlər barədə məlumatlar verdiklərini vurğulayıb: "Yanvarın 20-də Türkiyənin Antalya bölgəsində toplanışdaydıq. Komandaya qoşulan yeni əcnəbilərə 20 Yanvar faciəsi barədə danışmaq üçün xeyli vaxt ayırdıq və onları başa saldıq. Hər yeni gələn legionerlərə Xocalı, Şuşa və digər zəbt olunmuş torpaqların işğal günlərində məlumatlar veririk. Bu, bizim borcumuzdur. Ermənistanda oynayan futbolçunun komandamızda çıxış etməsinə elə də önəm vermirik. Əsas odur ki, futbolçu separatçı fikirdə deyil. İşğal olunmuş torpaqlara getməyib. Biz araşdırmışıq və belə bir problem olmayıb".

Baş məşqçi hücumçunun vizasının alınmasında gecikmənin olduğunu, ancaq bu problemin onun Ermənistanda oynaması ilə əlaqədar olmadığını deyib: "Futbolçu ilə bağlı araşdırma olub və hər şey qaydasındadır. Aldığımız oyunçu Afrika dövlətinə məxsus olduğu üçün viza problemi yaranıb. İsmail Fofana kot dİvuarlıdır. Həmin ölkənin Azərbaycanla səfirlik bağlantısı olmadığına görə viza Türkiyə vasitəsi ilə alındı. Bu məsələ bir az uzandı. Gənclər və İdman Nazirliyi sağ olsun ki, bizə yardımçı oldu. Klubların inkişafında öz köməkliklərini əsirgəmədilər. Bu proses bu səbəbdən uzandı. Burada başqa söhbətlər ola bilməz".

Qeyd edək ki, "Zirə"nin heyətinə cəlb etdiyi İsmail Fofana 2012-2013 mövsümündə Ermənistanın "Şirak" komandasında çıxış edib.