Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümünə səbəb olan sürücü Şamil Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.org Trend-ə istinadən xəbər verir ki,  hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ş.Həsənov 7 il azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il martın 12-də Sumqayıt şəhərində Həsənov Şamil Bəhram oğlunun sərxoş halda idarə etdiyi “Hyundai Azera” markalı, 99 DV 039 dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Koroğlu küçəsində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozması nəticəsində Həsənov Eldar Cəmşid oğlunun idarə etdiyi 50 BE 671 dövlət qeydiyyat nişanlı, “Oka” markalı avtomobillə toqquşub. Nəticədə, E.Həsənov və sərnişin Quliyev Vüsal Vidadi oğlu hadisə yerində ölüb.

Fakt üzrə Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.