Mütəmadi repertuarında yeniliklər edən, azyaşlıların mənəvi-estetik zövqünü formalaşdıran, onların incəsənətə sevgi ruhunda formalaşdırmağa çalışan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 2019-cu il yaradıcılıq planı çox  zəngindir.

Teatrın mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, yerli və dünya, klassik və müasir dram əsərlərinin,  məşhur nağıl nümunələrinin rəngarəng səhnə həllini yaradan teatrın yaradıcı heyəti bu dəfə də balacaların, sevimli tamaşaçılarının istək və arzularını nəzərə alıb.

Teatrın əsas ideyası, onun əhatə dairəsi ilə yanaşı balacalar arasında keçirilən rəy sorğuları da nəzərə alınmaqla dolğun və maraqlı repertuar planı yaradılıb. Həmin plana müvafiq olaraq il ərzində dörd  tamaşa hazırlanaraq balaca teatrsevərlərin ixtiyarına veriləcək.
Tamaşaçılar ilk olaraq çoxsaylı müraciətlər əsasında hazırlanan ”Maşa və Ayı” tamaşasını izləyəcəklər. Quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu  rəssamı İqbal Əliyev olan bu tamaşa uşaqların sevimli cizgi filmi qəhrəmanları Maşa və Ayının sərgüzəştləri əsasındadır. Eyniadlı məşhur cizgi filminin motivləri əsasında səhnələşdirilən tamaşaya tam fərqli quruluş verilib.

Uşaqlara dostluq, sevgi, mehribanlıq və anlayış kimi hisslər aşılayan səhnə əsərində müxtəlif kukla texnikalarından istifadə olunub. Canlı plan ilə kukla oyununu paralel təqdim edən rejissor bununla balacaları cizgi filminin təsirindən tam çıxarmağa, səhnəyə, aktyor-personajlarla canlı ünsiyyətə səsləyib. Tamaşada əsas rolları Əməkdar artist Cəmilə Allahverdiyeva, aktyorlar Cavid Telman, Elmira Hüseynova,  Rəhilə İbadova və başqaları ifa edirlər.

Komediya janrındakı birhissəli uşaq tamaşası fevralın 15-də uşaqların ixtiyarına veriləcək. Buna paralel olaraq ikinci tamaşanın da məşqlərini edən yaradıcı heyət uşaqları növbəti maraqlı səhnə işinə kökləyəcək. Bu, türk nağıllarından “Kəloğlan masalları” əsasında “Kəloğlan”  adlı tamaşadır.

Tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verir. Quruluşçu rəssamı Əfşan Əsədova olan musiqi tərtibatlı nümunə martın əvvəllərində tamaşaçıların ixtiyarına veriləcək.
Bundan başqa plana müvafiq olaraq dramaturq Rəhman Əlizadənin “Don Kixot Abşeronski” (Q. Məsimov) və türkiyəli yazıçı Hasan  Erkəkin  “Kitabi Dədə Qorqud” dastanı əsasında qələmə aldığı “Adını doğruldan oğlan” (A. Məmmədov) əsərləri səhnələşdiriləcək.

Onu da qeyd edək ki, mərhum dramaturq  Rəhman Əlizadənin “Don Kixot Abşeronski” pyesi əsasında hazırlanan eyni adlı tamaşa görkəmli aktyor, Respublikanın Xalq artisti  İlham Namiq Kamalın 70 illik yubileyinə həsr olunub. Hazırda qızğın məşqləri gedən tamaşanın quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir.