Dövlət Avtomobil Nəqliyyatı Xidməti bu gün TIR-la 551 saylı marşrut avtobusunun toqquşmasına münasibət bildirib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova Unikal.org-a açıqlamasında bildirib ki, qəza nəticəsində 4 nəfər xəsarət alıb, onlardan biri hamilə qadındır: “Xəsarət alan 4 nəfərdən biri evə buraxılıb. Hazırda 3-ü xəstəxanadadır. Onlardan biri də hamilə qadındır”.

Agentlik rəsmisi qəzanın baş verməsinə səbəb avtobusun əyləc sistemində yaranan problemin olduğunu bildirib: “Sürücü Nəcəfov Elxan Nəcəf oğlu olub. Avtobusun əyləcində problem olduğu üçün qəza baş verib. Sürət həddi isə aşılmayıb”.  

N.Allahyarova onu da əlavə edib ki, 551 saylı marşrut avtobusu "Avtovağzal" metro stansiyası yaxınlığından Atyalı qəsəbəsi istiqamətində fəaliyyət göstərir: “Daşıyıcısı fiziki şəxs Nəcəfov Kənan Sabir oğludur. Son 6 ayda həmin avtobusların texniki vəziyyəti ilə bağlı daşıyıcıya  bir neçə dəfə xəbərdarlıq edilib. Artıq son iki ayda bu xəttə bir neçə müasir standartlara uyğun avtobuslar buraxılsa da, bunların içərisində standartlara cavab verməyənlər də qalmışdı.  Hazırda K.Nəcəfovla danışıqlar gedir, sahibkara ciddi xəbərdarlıq ediləcək”.

Famil Fərhadoğlu