Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.

Unikal.org AFFA-ya istinadən xəbər verir ki, qurum aşağı liqalarda baş verən neqativ halları dəyərləndirib.

Ən ağır cəza U-15 Liqası ilə bağlı olub. Belə ki, “Xilə” – “Keşlə” görüşü başa çatdıqdan sonra birincilərin məşqçisi Əsəd Kərimov hakimlər briqadasının otağına daxil olaraq, onları təhqir edib və bu azmış kimi, fiziki təzyiq göstərib. Buna görə, İK adıçəkilən məşqçini 12 ay müddətinə diskvalifikasiya edib.

Region Liqasının “Araz” (Saatlı) – “Füzuli” qarşılaşmasının fasiləsində ikincilərin inzibatçısı Ramil Məmmədov hakimi təhqir etdiyinə görə 5 oyunluq cəzalandırılıb.

Futzal üzrə Azərbaycan birinciliyinin İkinci Liqası çərçivəsində “Star Karqo” – “Xəzər Astara” matçının 30-cu dəqiqəsində isə “Xəzər Astara”nın oyunçusu Əfsər Hümbətov öz komanda yoldaşını təhqir edib. Həmin görüşdə meydandan kənarlaşdırılan Hümbətova 3 oyunluq cəza kəsilib.