Cahangir Hacıyev qızıl zavoduna şərik olur
Cahangir Hacıyev qızıl zavoduna şərik olur

Gədəbəydə qiymətli metal emalı ilə məşğul olacaq
müəssisəyə Beynəlxalq Bankın tranş açması təsadüft deyil

Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyev Gədəbəydə qiymətli metal emalı ilə məşğul olacaq müəssisəyə şərik ola bilər. Həmin şəriklik qeyri-rəsmi xarakter daşıyacaq. Bu barədə məlumatlı mənbənin səsləndirdiyi iddiada qeyd edilir.
İddiaya görə, bu günlərdə, Beynəlxalq Bank Anglo Asian Mining PLC adlı qızıl hasilatı şirkətinə Gədəbəydə qızıl emalı zavodu tikintisinin birinci mərhələsi üçün 10,5 milyon dollarlıq kredit ayırmağa razı olub. Zavodun tikintisi 60 milyon dollara başa gələcək. Növbəti mərhələlərdə də Hacıyevin bankı adıçəkilən şirkətə tranş ayırmağa razılıq verəcək. Hər halda mənbəmiz belə deyir.
Qeyd edək ki, 2013-cü ilin I yarısında istismara veriləcəyi gözlənilən zavod Gedabek Anglo Asian mədənində süxurdan qızıl alınması dərəcəsini yaxşılaşdırmalıdır. Yeni zavodun tikintisi və filizin zənginləşdirilməsi üçün tikinti materialları gətirilir. Əsaslı xərcləri 52 milyon dollar olan zavodun saatda 100 ton filizi saflaşdıracağı, ilkin olaraq 85% və 69% oksid və sulfid materialına ayıracağı gözlənilir.
Araşdırmalar nəticəsində məlum olub ki, Beynəlxalq Bank hələ 18 may 2012-ci ildə şirkətə 7,5 milyon dollar kredit verib. Bunun 5,9 milyonunun artıq xərcləndiyi deyilir. Bundan başqa, Cahangir Hacıyevin rəhbərlik etdiyi bank daha 48 milyon manatı təsdiq prosedurundan sonra ayıracaq. Hətta bank rəhbərliyi ilə sözügedən qızıl hasilatı şirkəti arasında anlaşma da mövcuddur.
Sazişin şərtlərinə əsasən, kredit 36 aya, illik 12%-lə, hər rüb ödəmə şərti ilə verilir. Bu müddətdə kredit ödəniləcəyi təqdirdə faiz dərəcəsi azaldılacaq. Kreditin vaxtından əvvəl ödənilməsinə görə cərimə yoxdur.
Göründüyü kimi, Cahangir Hacıyevin bankı Anglo Asian Mining PLC-ə kifayət qədər iri məbləğdə kreditləri çox yumşaq şərtlərlə verib. Elə isə bunun səbəbi maraq doğurmaya bilməz.
Mənbəmiz deyir ki, elə bu məqamın özü Beynəlxalq Bank rəhbərinin sözügedən zavoda qeyri-rəsmi payçı olacağını düşünməyə əsas verir: "Məsələn, bir müddət əvvəl Rusiyanın nüfuzlu "Kommersant" qəzeti yazmışdı ki, Beynəlxalq Banka məxsus ABB-Moskva bankı tərəfindən maliyyələşdirilən kredit layihəsi çərçivəsində iki il ərzində Rusiyanın iri şəhərlərində "Setka" adlı supermarketlər şəbəkəsi yaradılacaq. Supermarketlər şəbəkəsinin operatoru olaraq bu ilin iyul ayında Sankt-Peterburqda qeydiyyatdan keçən "Sotka" Açıq Səhmdar Cəmiyyəti göstərilirdi. Sənədlərdə bu cəmiyyətin təsisçiləri olaraq Eldar Babayev (70 faiz), Roman Osmanov və Pərviz Quliyev (hərəsi 15 faiz) göstərirlər. Bankın layihəyə nə qədər kredit ayırdığı açıqlanmır, lakin qəzet iddia edirdi ki, bu sayda supermarket açmaq üçün azı 100 milyon dollar lazımdır. İlk baxışdan bizim Beynəlxalq Bankın Moskva filialının Rusiyada supermarket biznesinə iri həcmdə kredit ayırmasında qeyri-adi hal yoxdur. Amma eyni zamanda da var. Çünki bu həcmdə kreditin verilməsi risklidir və asan deyil. Elə buradan da yola çıxaraq həmin vaxt mətbuat məlum mağazalar şəbəkəsinin açılmasının bank sədri Cahangir Hacıyevin maraqlarına uyğun gəldiyini, onun bir növ bu mağazalar şəbəkəsində pay sahibi olmaq şərti ilə belə fantastik kredit tranşının açılmasına razılıq verdiyini qeyd edirdi. Bu məntiqdən çıxış edərək, indi Beynəlxalq Bankın Anglo Asian Mining PLC-ə də külli miqdarda kredit ayrılmasına razılaşmasını bank rəhbərinin açılacaq zavoddakı maraqları ilə izah etmək mümkündür".
Azər Aslan