ATƏT-ə sərt cavab
ATƏT-ə sərt cavab

Beynəlxalq təzyiqlərin gizlinləri

Son bir ay ərzində Dağlıq Qarabağla bağlı danışıqlar nəinki davam etdirilir, hətta danışıqların davam edəcəyinə ümid belə qalmayıb. Düzdür öncədə proqnozlaşdırılırdı ki, istər Azərbaycanda, istərsə də Ermənistanda keçiriləcək prezident seçkilərinə görə danışqların bir müddət səngiyəcəyi söylənilirdi.

Hətta belə bir fikirdə səsləndirilirdi ki, 2013-cü ilə qədər danışıqların predmeti sadəcə olaraq atəşkəsin qorunması olacaq. Son görüşlərdə də həqiqətən yalnız atəşkəs mövzusu müzakirə olunub və demək olar ki, artıq bu müzakirələrdə əhəmiyyətini itirir. Çünki danışıqlardan bir neçə saat belə keçməmiş atəşkəs sistemli şəkildə pozulur və son iki ay ərzində Rusiya Ermənistanla hərbi əməkdaşlığını artıq nümayəşkarənə şəkilə yüksəldib. Planlaşdırmadan fərqli olaraq bu ərəfə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanda hərbi təlimlər keçirərək az qala Azərbaycana güc nümayiş etdirdilər. Bunun davamı olarq Ermənistan geniş miqyaslı hərbi təlimlərə hazırlığa başladı. Həmçinin Rusiya Ermənistandakı hərbi bazasını genişləndirməklə yanaşı,bu gün Ermənistan ordusunun yeni hərbi sursatla silahlanması proqramını həyata keçirtməyə başlayır. Belə olan halda danışıqlar haqqında danışmaq yersizləşir, atəşkəsin sabahı isə ümumiyyətlə təhlükə altındadır. Nəyə görə? İlk növbədə ona görə ki, Ramil Səfərovun azadlığa buraxılmasından sonra Ermənistan və beynəlxaql təşkilatların birlikdə maraqlı bir oyunları ortaya çıxır və bu oyun heç də uğurlu sabahdan xəbər vermir. Oyun nədən ibarətdir? Gəlin öncəliklə hadisələrin ilk məqamına baxaq. Ramil Səfərov azadlığa buraxılır, bundan sonra Ermənistan əks-həmləyə keçir və bu ölkə üç məsələni ciddi şəkildə gündəmə gətirir.
1. Dağlıq Qarabağın müstəqilliyini tanımalı və danışıqları pozmalı
2. Azərbaycan diplomatlarına qarşı savaş açmalı
3. Müharibəyə başlamalı
Bu variantların hər biri sözüsüz ki, Ermənistanın imicinə ağır zərbə olacaqdı və hər zaman deyilən fikir öz təsdiqini tapardı. Belə ki, Azərbaycan diplomatiyası dəfələrlə sübut etmişdi ki, Ermənistan terrora dəstək verən dövlətdir və bunu konkret faktlarla sübut etmişdi. Ermənistanda səsləndirilən bu 3 təklifdə əslində bir daha sübut edirdi ki, Ermənistan bir başa terrora dəstək verən və bunu dövlət səviyyəsində reallaşdıran ölkədir. Amma Ermənistanın bu yanlışlığını çox maraqlıdır ki, aradan qaldıran elə beynəlxalq təşkilatlar oldu. Nəinki yanlışlığı aradan qaldırdılar, hətta Ermənistana revanş imkanı verdilər. Bunu necə etdilər? Ermənistanın yanlış siyasətini durduran beynəlxalq təşkilatlar ortaya belə bir iddia atdılar ki, Ramil Səfərovun azadlığa buraxılmasının tək bir mənfi nəticəsi var və buda danışıqlar prosesini pozacaq. Məhz bundan sonra ardıcılıqla Avropa Parlamenti,Avropa Şurası, ATƏT-in Minsk qrupu məsələyə reaksiya verdi və demək olar ki, hər biri eyni məntiqdən çıxış etdilər. Hadisələrin belə inkişafından dərhal sonra Ermənistan tərəfi də hədə bəyanatlarından əl çəkərək yazıq görkəmi aldılar. Bütün bunlar isə bir daha sübut edir ki, Azərbaycana qarşı məqsədli bir oyun gedir və bu oyunun qayəsində duran əsas məsələ Azərbaycanı danışıqlar prosesini pozan tərəf kimi ittiham etmək və daha sonra daha ağır güzəştlərlə üz-üzə qoymaqdır. Yeri gəlmişkən xatırladaq ki, yaxın günlərdə Avropa Şurası Parlament Assambleyasında da Ramil Səfərov məsələsi müzakirə olunacaq. Bu isə artıq açıq şəkildə bir basqı deməkdir. Maraqlıdır, həqiqətənmi Ramil Səfərovun azadlığa çıxması danışıqlar prosesini pozacaq? Bu suala isə ən yaxşı cavabı Xarici İşlər Nazirliyinin rəsmisi verdi.
"Kimsə bəhanə axtarırdı, indi "Ramil Səfərov məsələsi"ndən axtarıb bəhanə tapıblar. Guya Ramil Səfərov azadlığa buraxılmazdan əvvəl Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansısa inkişaf olmuşdu? Məgər ermənilər münaqişənin həll olunacağına dair bizə hansısa ümid vermişdilər?".
Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov azərbaycanlı zabit Ramil Səfərovun təhvil verilməsi və əfv olunması ətrafında yaranmış vəziyyəti belə şərh edib.
Araz Əzimov ATƏT-in Minsk Qrupu həmsədrlərini bu məsələdə tutduğu mövqeyə görə tənqid edib:"Bəlkə də həmsədrlər bu vəziyyətdən sui-istifadə edirlər. Çünki həm Ermənistan, həm ATƏT-in Minsk Qrupunun həmsədrləri "Ramil Səfərov məsələsi"ni çox mənfi dəyərləndiriblər. Həmsədrlər yaydıqları bəyanatda belə bir ifadə işlədiblər ki, bu məsələdən sonra münaqişənin sülh yolu ilə nizamlanması prosesi çətinləşəcək. Amma sizə deyirəm, bu prosesdə "Ramil Səfərov məsələsi"ndən əvvəl də heç bir inkişaf olmayıb və ermənilər həmişə danışıqlar prosesində mənfi mövqe tutublar. Həmsədrlər isə yalnız vaxt qazanıblar, ora gedib, bura gəliblər, amma, sözün düzü ciddi iş aparmayıblar".Beləliklə Araz Əzimovda açıq şəkildə təsdiqləyir ki, bu sadəcə olaraq bəhanədir və bu bəhanənin sonluğunu gözləmək vacibdir.

Mehdi Əli