“Tam əminəm ki, əgər müstəqilliyimizin ilk illərində Heydər Əliyev Azərbaycan prezidenti  olsaydı heç vaxt torpaqlarımız işğal altına düşməzdi. Tam əminliklə  bunu deyirəm. Əfsuslar olsun  ki, o vaxt Azərbaycana rəhbərlik etmiş şəxslər öz məsuliyyətini dərk edə bilməmişlər”. 
Unikal.org xəbər  verir ki,  bu sözləri prezident İlham Əliyev Real TV-yə müsahibəsində bildirib. Ölkə başçısı  vurğulayıb  ki, o vaxtkı rəhbərliyin hakimiyyət uğrunda mübarizəsi  Azərbaycan  torpaqlarının işğalı ilə nəticələndi:
“Ölkəmizin maraqlarını qoruya bilməmişlər. Və xüsusilə  1992-ci ildə baş vermiş  çevriliş nəticəsində hakimiyyətə gəlmiş  AXC-Müsavat cütlüyünün xəyanətkar siyasəti işğalı şərtləndirən əsas amil olmuşdur. O vaxt  hakimiyyət uğrunda mübarizə gedirdi. Və çevriliş ərəfəsində Şuşa və Laçın işğal  altına düşmüşdür. Və çevrilişdən bir  il keçmədən 1993-cü  ildə Kəlbəcər işğal altına düşmüşdür və beləliklə Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. Heydər Əliyev heç vaxt buna imkan verməzdi. Çünki onun siyasəti, onun qətiyyəti, xalqın ona olan inamı heç vaxt imkan verə  bilməzdi ki, bizim torpaqlarımız işğal altına düşsün. Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın işğalı,1 milyondan  artıq qaçqın və köçkünün  ağır vəziyyəti  AXC-Müsavat cütlüyünün ağır mirasıdır”.