Bu gün Ağdaş rayon İcra Hakimiyyətinin 2018-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Unikal.org xəbər verir ki, əvvəlcə rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri və qonaqlar xalqımızın ümummilli lideri Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsini ziyarət etmiş, abidə önünə tər gül-çiçək dəstələri düzərək böyük ehtiramla ulu öndərimizin ruhunu yad ediblər.

Yığıncağın işində Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, Milli Məclisin deputatları Cavid Osmanov və Elman Nəsirov, Şuranın üzvləri, icra nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Yığıncaq iştirakçıları ilk öncə 2018-ci ildə Ağdaş rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan filmi seyr ediblər.

Milli Məclisin deputatı, YAP Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov yığıncaqda çıxış edib. 2018-ci ilin ölkəmiz üçün uğurlu il olduğunu bildirən millət vəkili dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycanın uğurla, sürətlə inkişaf etdiyini, ölkənin hərtərəfli dinamik inkişafının təmin olunduğunu vurğulayaraq son illər ərzində cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu siyasətdən söhbət açdı. Bildirdi ki, bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil. İqtisadi müstəqillik bizə imkan verir ki, ölkəmiz müstəqil siyasət apararaq Azərbaycan xalqının maraqlarını müdafiə etsin. Keçən il iqtisadi inkişaf baxımından respublikamız üçün uğurlu bir il olmuşdur. Ölkəmizdə beynəlxalq layihələrlə yanaşı ölkə daxilində həyata keçirilən sosial, aqrar və sənaye layihələrinin də uğurla icra edildiyi görüş iştirakçılarının diqqətinə çatdırıldı. Cavid Osmanov son illər ərzində ölkədə görülən işlərdən söhbət açaraq Azərbaycanın tarixində olmayan bir inkişaf dövrü yaşandığını qeyd etdi. Paytaxt Bakı ilə yanaşı regionlarda da həyata keçirilən çoxsaylı infrastruktur layihələri, aparılan abadlıq-quruculuq işlərinin deyilənlərə bariz nümunə olduğunu qeyd etdi. Ağdaş rayonunda da genişmiqyaslı yenidənqurma işlərinin aparıldığını qeyd edən Cavid Osmanov bütün bunların ölkə başçısının Ağdaşa olan xüsusi diqqət və qayğısından irəli gəldiyini vurğuladı. Ağdaş rayonunda aqrar sahənin son illər daha da canlandığını və insanların əkin-biçin işlərinə marağının artamsını, eləcə də dövlətin kənd adamlarına, fermerlərə verdiyi güzəştlər də xüsusilə qeyd olundu. Millət vəkili Cavid Osmanov Azərbaycanın inkişafını gözü götürməyən bəzi dairələrin olduğunu və həmin dairələrin radikal və anti-milli mövqe tutmuş şəxsləri ölkədə sabitliyi pozmağa yönəltdiklərini bildirərək bu gün özünü müxalifət adlandıran şəxslərin çirkin niyyətlərinin olmasının cəmiyyətdə hər kəsə bəlli olduğundan da söz açdı.