İsmət Abbasov hara baxır?
İsmət Abbasov hara baxır?

Nazir "çörək dəllaları"na "yaşıl işıq" yandırıb

Bir neçə gün əvvəl mətbuatda maraqlı məlumat yayıldı. Həmin məlumatda bildirilirdi ki, paytaxtda satışa çıxarılan və qiyməti 30 qəpiyə olan çörək artıq 35 qəpik olub.
Çəkisi 400 qram olan çörək isə 45-50 qəpiyə satılır. Rəsmi qurumlar hələlik bu barədə heç bir açıqlama verməyib.
Burada diqqət xüsusilə Kənd Təsərrüfatı Nazirliyinə yönəlir. Əlbəttə, İqtisadi İnkişaf Nazirliyi də qiymətlərin tənzimlənməsinə nəzarət edən bir qurum kimi az məsuliyyət daşımır. Amma bizi nəticə yox, səbəb maraqlandırır: çörək niyə bahalaşır? Bahalaşdıqdan sonra qiymət əvvəlkinə düşsə də, bu dəfə çörəyin çəkisi niyə azalır?
Bu suallar isə ilk növbədə İsmət Abbasovun rəhbərlik etdiyi Kənd Təsərrüfatı Nazirliyinin məsuliyyət payının daha çox olduğu anlamına gəlir. Məsələ burasındadır ki, ölkədə taxılçılıq sektoru faktiki olaraq inhisara alınıb və bu inhisarçılığın önünü kəsmək üçün zamanında Abbasovun nazirliyi heç bir əməli tədbir görməyib.
Digər tərəfdən, elə indinin özündə də İsmət Abbasov "taxıl mafiyası"na qarşı dirəniş göstərməkdə acizlik nümayiş etdirir. O, bunu heç olmasa ölkənin ali rəhbərliyinə çatdırmır, nəticədə hazırda taxılçılıq sahəsində xeyli möhtəkir əmələ gəlib. Onlar da "bazar"ı isətdəikləri kimi "fırladırlar". "Həm Kənd Təsərrüfatı, həm də İqtisadi İnkişaf nazirlikləri bu prosesə gərəkən müdaxiləni etmirlər, ya etməyə qorxur, ya da etmək istəmirlər. Açıq-aydın görünür ki, Azərbaycanda taxıl və çörəkbişirmə sektorunda qiymətlər bazar tərəfindən müəyyənləşdirilmir. Elə isə hər iki nazirlik hara baxır?!" deyə "Unikal"ın əməkdaşı ilə söhbətində adının çəkilməsini istəməyən iqtisadçı-ekspert bildirib.
Ekspertin sözlərinə görə, hələ ötən ay da unun bahalaşması müşahidə olunub. "Avqustun ortalarında istehsal firmasından asılı olaraq unun alış qiyməti 18 manat 50 qəpikdən 21 manat 50 qəpik arası dəyişirdi. O vaxt sex sahibləri deyirdilər ki, əvvəlki , 1-2 ayla müqayisədə unun qiymətində 3-4 manat arasında artım müşahidə olunur. Dəyirmanlarda isə unun satış qiyməti müxtəlif idi. Unun 50 kiloqramlıq kisəsi 18 manat 5 qəpik və 18 manat 80 qəpik arası dəyişirdi. Halbuki keçən il isə qiymət 15- 16 manat arası idi. Ekspertlər deyirdilər ki, bu, payızdan çörəyin qiymətinin də qalxacağının işarələridir. Amma payız gəlməmiş çörək bahalaşdı. Onda elə Kənd Təsərrüfatı Nazirliyindən də bildirirdilər ki, çörəyin qiymətinin artacağından narahat olmağa dəyməz. Belə bir şey gözlənilmir. İndi bizim haqqımız var ki, İsmət Abbasovun nazirliyindən soruşaq: harda qaldı sizin bahalaşma olmayacağı barədə vədiniz?" - deyə ekspert bildirib.
Çörəyin çəkisinin bahalaşma fonunda azalmasını həm ölkədə iqtisadi özbaşınalığın at oynatması, həm də istehlakçı hüquqlarının məmurların, onların nəzarət etdikləri istehsal sahələrini yönəldən adamların gözündə heç bir əhəmiyyət kəsb etməməsi ilə əlaqələndirən ekspert İsmət Abbasov və Şahin Mustafayevi görəvə çağırıb: "Onlar üzərlərinə düşən vəzifəni yerinə yetirməli, bu "bezpredel"ə son qoymalıdırlar. Əks halda bu nazirlərin də həmin özbaşınalıqlarda maraqlı olduqları, hansısa mənfəət güddükləri barədə düşünmək üçün hər kəsdə əsas yaranacaq".
Ülviyyə Qasımlı