KAXCP parçalanmaq ərəfəsində
KAXCP parçalanmaq ərəfəsində

Partiyanı çökdürmək istəyən qüvvələr birləşir

Qarşıdan prezident seçkilərinin gəlməsi ilə əlaqədar siyasi partiyalar daxilində artıq bir təlatüm,hazırlıq müşahidə olunmaqdadır. Hazırda bu proses ajiotajlı şəkildə müxalifət düşərgəsində daha çox hiss edilir. Belə ki, müxalifət bir neçə ay ərzində davam edən müzakirələrdə prezident seçkilərinə vahid namizədlə getməyi qərarlaşdırdılar.

Amma müzakirələr mənasız oldu və Müsavat başqanı İsa Qəmbər gözlənilmədən prezident seçkilərində iştirak edəcəyini bildirdi və bununla da vahid namizəd məsələsi gündəmdəm çıxdı. Bununla yanaşı müxalifət partiyaları arasında da bir gərginlik yaşanmağa başladı. Hətta iş o yerə çatdı ki, partiyalar gizli şəkildə bir-birinin fəaliyyətinə müdaxilə edərək rəqib kimi onların gücünü zəiflətməyə çalışdılar. İndi isə deyəsən ilk zərbə Klassik Xalq Cəbhəsi Partiyasına dəydi. Bir neçə gün ərzində partiya daxilində və ətrafında xoşagəlməz olaylar yaşandı və bu proses davam edir. Belə ki, son günlər KXCP- nin əleyhinə məlumatlar yayılmağa başlayıb.Amma KXCP sədrinin müavini Xəzər Teyyublu bunları cəfəngiyyat hesab edir. Onun sözlərinə görə, 2013- cü il prezident seçkilərində KXCP sədri Mirmahmud Mirəlioğlunun namizədliyini irəli sürməsi müəyyən dairələri narahat etməyə baslayıb: "Fikrət Cəfərovun fraksiyanın tərkibində adlarını çəkdiyi şəxslərdən Qaya Əliyev partiyada hazırda müavin deyil. O sıralarımızdan xaric olunub. Strateji məsələlər üzrə müavin Aydın Mədətoğlu hazırda xəstədir. Əgər onların hər hansı fikirləri varsa, partiya qərargahında bildirə bilərlər. Fraksiya yaratmağa ehtiyac yoxdur".
Partiya sədrinin əlaqələr üzrə müavini Fikrət Cəfərov isə açıqlamsında yaranan "Demokratik birlik" adlı fraksiyasının son 3-5 gündə təsis edilmədiyini qeyd edib: "KXCP-nin son günlər siyasi kursunda müxtəlif hadisələr baş verir. Bu fraksiyanı yaratmaqda məqsədimiz partiyanın üzərindən dumanlı imici götürməkdir. Onun əvvəlki nüfuzunu özünə qaytarmaqdır".
Fikrət Cəfərov əlavə edib ki, kimin nə deməyindən asılı olmayaraq Qaya Əliyev hazırda partiyanın beynəlxalq məsələlər üzrə müavinidir. Bununla yanaşı müşahidəçilər bildirir ki, hadisələr təsadüfdən baş vermir və burda əsas məqsəd bir tərəfdən partiyadaxili parçalanma yaratmaq, digər tərəfdən isə partiyanın imicini ləkələmək məqsədi güdülür. Hətta belə fikirdə səsləndirilir ki, KAXCP-yə qarşı başlanan bu kompaniyanın arxasında AXCP dayanır. Qeyd edək ki, iki partiya bir-birinə qarşı xoş mövqedə deyillər və sosial baza uğrunda illərdi ki, bu savaş davam edir. Amma baş verən son olay göstərir ki, deyəsən bu prosesin arxasında başqa maraqlı qüvvələrdə durur. Xatırladaq ki, dövrü mətbuatda belə bir fikir səsləndirilir ki,
Mirmahmud Mirəlioğlu 2 milyon dollar qalmaqalına görə Baş Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə İdarəsinə çağırılıb.
Məlum olduğu kimi, İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin kəbinli həyat yoldaşı olmuş Şəmsiyyə Bəylərqızı dələduzluq ittihamı ilə həbs olunub. Onun Milli Təhlükəsizlik Nazirliyininn istintaq təcridxanasında saxlanıldığı bildirilir.
Daha sonra isə qeyd edilib ki, Ş. Bəylərqızı bu ilin iyun ayında Ə. Süleymaninin şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil cinayətkarlıqla mübarizə İdarəsi tərəfindən tutulub və hazırda Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılır. Belə ki, Ə. Süleymani Daxili İşlər Nazirliyinə etdiyi şikayətində Ş. Bəylərqızının ona qarşı dələduzluq etdiyini və 741 min ABŞ dolları məbləğində pulunu mənimsədiyini bildirib. Həmin şikayət əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Ş. Bəylərqızına qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Amma Ş. Bəylərqızı ilə bağlı məlumat verən şəxs başqa bir ilginc məsələni diqqətimizə çatdırıb. Onun sözlərinə görə, Ş. Bəylərqızı, eyni zamanda Rusiyadakı bir iş adamı ilə 2 milyon dollarlıq məsələyə görə də məsuliyyətə cəlb olunub. Maraqlısı isə odur ki, burada tanınmış siyasi xadimlərdən birinin də adı hallanır: "Bu məsələdə KXCP sədri Mirmahmud Mirəlioğlunun da adı çəkilir. Konkret olaraq, 2 milyon dollarlıq olayda hansı formada iştirakını bilməsəm də, Mirmahmud Mirəlioğlu bu məsələdə tərəfdir. Hətta bu yaxınlarda onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə də çağırıblar və 4 saata yaxın ifadə verib".
Məsələylə bağlı KXCP sədrinin münasibətini öyrənmək mümkün olmayıb. Partiyadan verilən məlumata görə, Mirmahmud bəy məzuniyyətə çıxıb. Onunla telefon əlaqəsi yaratmaq cəhdlərimiz uğursuzluqla nəticələndi. Buda qeyd edilir ki, partiya sədri həqiqətən də ifadə verib. Amma hansı məsələyə görə bu hələ ki,aydın deyil. Müşahidəçilər bildirir ki, deyilənlər öz təsdiqini taparsa KAXCP parçalanmadan qurtula bilməyəcək. Çünki partiya daxilində bu gün bir təlatüm var və KAXCP sədri Mirmahmud Mirəlioğlunun prezidentliyə namizəd olmasını bir çox müxalifət qüvvələri,o cümlədən partiya daxilində ki, bəzi qruplaşmalarda istəmir.
Mehti Əli