Rusiya-Azərbaycan sərhədinin “Yaraq-Qazmalar” keçid məntəqəsində Dağıstanın Baytarlıq və Fitosanitar nəzarət üzrə Federal Xidmətinin əməkdaşları tərəfindən qanunsuz yolla bu ölkə ərazisinə göyərçin keçirilməsinin qarşısı alınıb.

Unikal.org xəbər verir ki, məlumatı “AiF Dağıstan” yayıb.

“Keçid məntəqəsində “Chery Flagcloud” markalı avtomobilə baxış zamanı karton qutularda 49 ədəd göyərçin aşkar edilib. Məlum olub ki, həmin quşlar baytarlıq nəzarətindən keçirilməyib. Sürücü bildirib ki, göyərçinləri Dağıstandakı dostuna hədiyyə məqsədilə sərhəddən keçirmək istəyib”, - məlumatda qeyd edilib.

Bildirilib ki, bu quşların xəstəliklərinin heyvanlarla yanaşı, insanlar üçün təhlükəli olduğunu nəzərə alaraq, onların Rusiyaya girişinə icazə verilməyib.

Bu hadisə ilə əlaqədar quşların sahibinə veterinar-sanitar qaydaların pozulması aktı tərtib edilib.