Fazil Məmmədov rəqiblərinə meydan oxuyacaq
Fazil Məmmədov rəqiblərinə meydan oxuyacaq

Vergilər naziri iri məmurları əndişədə saxlaya biləcək

Vergilər Nazirliyi qeydiyyata alınan kommersiya hüquqi şəxslər haqda hesabat formasını yeniləyib. İyunda ölkə parlamenti şirkətlər haqda məlumatların açıqlanmasına məhdudiyyət qoydu. Ona əsasən, təsisçilər və onların payı barədə məlumat məxfi saxlanılır.

Vergilər Nazirliyinin internet portalında kommersiya şəxslərin reyestr məlumatları bölməsi var. 2008-ci ilin yanvarından kommersiya hüquqi şəxslərin qeydiyyat orqanı olan Vergilər Nazirliyi sonuncu dəfə reyestrdə iyul ayında dəyişiklik edib. Nazirliyin mətbuat xidmətində bundan sonra kommersiya hüquqi şəxslərin qeydiyyatı barədə informasiya konkret aylar üzrə veriləcək.
Yeni məlumat bazasına əsasən, şirkətlərin axtarışı ad və vergi ödəyicisinin identifikasiya nömrəsi üzrə həyata keçirilir. Şirkətin adı əsasında vergi ödəyicisinin identifikasiya nömrəsini müəyyən edib axtarış aparılır və tam ad, nizamnamə kapitalının həcmi, qanuni təmsilçi və şirkətin maliyyə ili barədə məlumat verilir.
Bəzi ekspertlər hesab edirlər ki, Vergilər Nazirliyinin şirkətlərin qeydiyyatı barədə operativ məlumat verməmək haqqına sahib olması daha çox nazir Fazil Məmmədoun işinə yarayır. Bu, onun üçün
rəqib kimi gördüyü və ya onu rəqib kimi görən bəzi iri məmurlara qarşı yaxşı təzyiq silahına çevrilə bilər.
Belə ki, faktiki olaraq Fazil Məmmədovun əlində hüquqi baxımdan şirkətlərin qeydiyyatı ilə bağlı bir çox təməl bilgiləri ictimaiyyətdən, mətbuatdan gizli saxlamaq səlahiyyəti yaranıb. Nazir bununla bəzi iri məmurları təzyiq altında saxlamaq üçün yararlana bilər. Məsələn, vergilər nazirinə iqtidar içindəki hansısa qrup və ya oliqarxlar Fazil Məmmədovu hədəfə alarlarsa, bunun əvəzində həmin qrupda təmsil olunan iri məmurların və ya nazirlə yola getməyən oliqarxların biznes sirlərinin faş edilməsi, onların şirkətlərinin qeydiyyat bilgiləri topluma açıqlanması mümkündür. Bu şübhəsiz ki, nazirin onları çətin vəziyyətdə qoyması olacaq.
Ona görə də anti-Məmmədov çevrələri məcbur qalaraq bir çox situasiyalarda vergilər naziri ilə konfliktə girməkdən, ixtilaf aparmaqdan çəkinəcəklər.
Doğrudur, müstəqil KİV nümayəndələri və eksprtlər vergilər nazirinə belə bir səlahiyyət verilməsini mürtəce addım kimi dəyərləndirilir və ölkədə informasiya almaq hüququnun daha da pisləşməsinə gətirib çıxaracağını deyirlər. Amma fakt budur ki, bizdə iri məmurları belə qlobal məsələlər narahat eləmir. Onların tək düşüncəsi odur ki, əllərində geniş səlahiyyətlər, öz təsir güclərini və təzyiq imkanlarını saxlamaq üçün daha zəngin rıçaqlar olsun.
Ona görə də Fazil Məmmədova verilən məlum səlahiyyəti də əslində bu kontekstdə dəyərləndirmək lazımdır. Yəqin ki, vergilər naziri Azərbaycanda informasiya almaq haqqını bir az da pozan status qazanmasına görə zərrəcə narahat deyil, əksinə, sevinir ki, indi o, rəqibi olan iqtidariçi qruplara, iri məmurlara meydan oxuya bilmək üçün əlavə imkan qazanıb.
Azər Aslan