Bu gün Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin (DŞAK) "Kənddən Şəhərə" markası adı altında brendləşdirilmiş məhsullarının, eyni adlı onlayn satış platformasının və mobil əlavəsinin təqdimat mərasimi keçirilib.

Unikal.org xəbər verir ki, tədbiri giriş sözü ilə nazirliyin aparat rəhbəri Aqil Quliyev açıb.

O, DŞAK-ın bir sıra uğurlu layihələrə imza atdığını qeyd edib.

“Hazırda şirkətin Bakıda bir mağazası fəaliyyət göstərir, həmçinin, şirkət yarmarkalar da təşkil edir. Məqsəd kiçik və orta sahibkarlara dəstək olmaqdır”. – deyə nazirlik rəsmisi qeyd edib.

DŞAK-ın direktoru Leyla Məmmədova bildirib ki, rəhbərlik etdiyi şirkət kiçik və orta fermerlərə dəstək vermək üçün bir sıra layihələr reallaşdırır: “Həmin layihələrdən biri də “Kənddən şəhərə” markasıdır. Bundan başqa, məhsulların onlayn rejimdə satışı üçün mobil tətbiq hazırlanıb. Bu ilin may ayından mobil tətbiq istifadəyə verildikdən sonra məhsulların internetlə satışı mümkün olacaq. Məhsul sifariş verildikdən sonra onun çatdırılmasını da təmin edəcəyik".

Bundan başqa, direktorun sözlərinə görə, DŞAK indiyə qədər 4 məhsulun (düyü, noxud, bal və meyvə qurusu) qablaşdırılmasını həyata keçirib: “Bu iş davam etdiriləcək”.