"Lionsgate" studiyası "Rembo: Sonuncu qan" filminin premyerasının tarixini açıqlayıb.

Unikal.org xəbər verir ki, bu barədə THR məlumat yayıb.

Bildirilir ki, məşhur aktyor və rejissor Silvester Stallonenin çəkildiyi yeni film bu ilin 20 sentyabrında nümayiş etdiriləcək.

Yeni film Stallonenin demək olar, 40 ildir oynadığı Vyetnam müharibəsi veteranından bəhs edəcək. Filmin dördüncü hissəsi 2008-ci ildə ekranlara çıxıb. Həmin filmdə Vyetnam müharibəsinin veteranı Arizonaya qayıdıb. Yeni filmdəki hadisələr bu regionda inkişaf edəcək.

Qeyd edək ki, məşhur aktyor və rejissor Silvestr Stallonenin Vyetnam müharibəsi veteranının - Con Rembonun həyatı və mübarizəsi haqqında növbəti, sayca beşinci filmi üzərində işə başlayacağı ötən ilin sentyabrında məlum olub. "Tezliklə başlayıram və çox həyəcanlıyam. Dünya bəlkə də dəyişir, amma o yox. Heç nə qurtarmayıb", - deyə aktyor həmin vaxt qeyd edib. Stallone öz qəhrəmanının şəklini də yayıb.

"Rembo" dünyanın film kirayəsində 125 milyon dollardan çox gəlir qazanıb. Bu filmə əvvəlcə Klint İstvud, Con Travolta və digər məşhur aktyorlar dəvət edilsələr də, "Rembo"nu canlandırmaq S.Stalloneyə nəsib olub. Film populyar olduğundan onun 2-ci, 3-cü və 4-cü seriyaları da ekranlaşdırılıb.