Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.
Unikal.org Musavat.com-a istinadən xəbər verir ki, qanlı hadisə rayonun Müşfiqabad qəsəbəsində törədilib. Qəsəbə sakini 45 yaşlı Ağayar Gülayar oğlu Talıbov yaşadığı evin qarşısına çıxanda tanımadığı bir nəfərin yüksək səslə və söyüşlə danışdığını görüb. Ağayar Talıbov ona yaxınlaşaraq iradını bildirib.
Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı naməlum şəxs üzərində gəzdirdiyi bıçaqla Ağayar Talıbova bir zərbə endirib, daha sonra isə hadisə yerindən qaçıb. Yaralı qonşuları tərəfindən çağırılan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
Həkimlər əməliyyat olunan Ağayar Talıbovun vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.
Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır. Hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.