22 Sentyabr 2019
21 Sentyabr 2019
“Bunu yuxarıdakılar aydınlaşdırmalıdır” - İstefa verən baş məşqçidən ATMACA
“Bunu yuxarıdakılar aydınlaşdırmalıdır”- İstefa verən baş məşqçidən ATMACA MÜSAHİBƏ 16:00 2019-03-04

Son zamanlar Azərbaycan Basketbol Federasiyasında baş verənlər hər kəsə məlumdur. Hətta idmançılar ABF-nin prezidenti, keçmiş Dövlət Əmlak Komitəsinin sabiq sədri  Nadir Nəsibovun istefasını tələb ediblər. Buna səbəb basketboldakı bəzi çətinliklərdir.

Bu olaylardan sonra istefa verən 20 yaşa qədər milli komandanın baş məşqçisi Tahir Baxşıyev Unikal.org-a danışıb: 

- Yığmada oynayan tələbələriniz var?

- Çoxdur. Hər yaş qrupunda demək olar ki, 3-4 tələbəm var. 

- Bəs onların potensialı sizi qane edirmi?

- 20 yaşlı Ender Poladxanlı adlı tələbəm Fransada oyanayır. Digər tələbəm Əkbər Məmmədli isə  İspaniyada oynayıb, hazıra ölkəmizə qayıtsa da, yenidən İspaniyaya gedəcək. Öz potensialı olanlar başqa ölkələrdə çıxış edirlər.  Belə idmançıları axtarıb, tapmaq lazımdır. 

- Siz o potensiallı idmançıları axtarıb tapmaq üçün bölgələrə gedirsiniz?

- Əlbəttə gedirəm. Hər il gedib, yeni tələbələr axtarırıq. 

- Bu barədə federasiya ilə birlikdə iş görürsünüz? 

- Yox, mən “Təhsil idman Mərkəzi"ndə çalışıram. Ora da baş məşqçi kimi gedirəm. 

- Bölgələrdən bəyənib, Bakıya gətirdiyiniz həvəsli basketbolçular olub?

- Əlbəttə olub. Onların məşqçiləri ilə də görüşüb, danışıqlar aparmışıq. Mən hazırda sırf  2004-cü il təvəllüdlü basketbolçularla məşğulam. Bu günə qədər 2 nəfər Gəncədən, 2 nəfər isə Cəlilabaddan Bakıya gətirmişəm.  Amma 3-4 ilə 6 uşaq gətirmişik. Doğrusu, bu yaxşı nəticə deyil. Daha çox çalışmalıyıq. Gün keçdikcə planlarımız da, basketbola baxış çərçivəmiz də böyüyür. 

- Tahir müəllim, bəs, milli komandada niyə istənilən nəticəni ala bilmirik?

- Biz oynayan vaxtlar nəticə var idi. Düzdür, indi zəifləyib. O dövrlə, indiki arasında fərq var. İnanaq ki, gələcəkdə yaxşı olacaq. 

- Tahir müəllim, klubların baykotuna səbəb nə idi ? Sözügedən məsələ federasiyadan qaynaqlanırdı, ya idmançıların problemi idi?

- Baykot məsələsində toxunmaq istəmirəm. Digər suala gəlincə isə, bu klubların öz məsələsi idi. Klublar özləri yığışıb belə qərar verdilər. 

- Sizcə, bu doğru addım idi?  

- Artıq olub, bitib. İndi onu fikirləşmək lazım deyil. Artıq bu situasiyadan necə çıxmağı fikirləşməlidirlər.  Bu məsələlərə  federasiyada yuxarıda oturanlar aydınlıq gətirməli, yoluna qoymalıdırlar.  Biz məşqçiyik.  Bizim üçün əsas olan yaxşı yer olsun, tələbə yetişdirib məşqçilik edək. 

- Federasiya ilə işləyirsiniz?

- İndi  2004-cü il təvəllüdlü uşaqlarla işləyirəm. Bu yaş qrupunda da yığmamız yoxdur. Bilmirəm gələcəkdə mənim tələbələrimi yığmaya götürəcəklər, ya yox. 

- Əsas milli komandayla iş sizi qane edirmi?

- O sualı mənə deyil, Samit Nurullazadəyə verin. Məncə indi yox, gələcəkdə yaxşı yığmamız ola bilər.  Heç bir komanda hər il ard-arda yaxşı nəticələr verə bilməz. İndi cavan yaş qrupu çox zəif gəlir. Özüm də oynamışam.  İndikilər A seriyasına çıxa bilmirlər. Təbii ki, hamımız istəyirik yığmamız olsun.  

- Gəlin etiraf edək ki, federasiyadakı durum heç də ürək açan deyil. Siz buna bir peşəkar olaraq necə rəy bildirərdiniz? 

- Bu məsələyə rəy bildirmək istəmirəm. Mən onlarla mütəmadi yox, nə vaxtsa çağıranda işləyirəm. Əlbəttə çağırsalar şərəflə gedib işləyərəm. Düzü indi yığmada baş məşqçi olmağı fikirləşmirəm. Samir Nurullazadə milli komanda ilə işləyir. O da pis məşqçi deyil. 

- Sizcə, bu gedişlə ən tez neçə ilə Azərbaycan basketbolu orta səviyyəyə gələ bilər?

- Məncə 3-4 ilə nəyəsə başlamalı, hansısa bir dəyişiklik etməliyik. 

Aygün İlqarqızı