8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə “Report” İnformasiya Agentliyinin könüllüləri Bərdə rayonunda yaşayan zəhmətkeş qadınlarla görüşüblər.

Unikal.org "Report"a istinadən xəbər verir ki, belə qadınlardan biri də Bərdə rayonunun Kür çayı ətrafında - Obameşə adlanan ərazisində yaşayan, 33 yaşlı Aytən İbrahimovadır. O, 20 ildir çayda qayıqla sərnişin daşıyır, insanları çayın bir sahilindən digər tərəfinə təmənnasız olaraq aparır.

Bununla yanaşı, A.İbrahimova zəhmətkeş ev qadınıdır. Səhər hamıdan tez oyanır, ev işlərini sahmana salır, daha sonra mal-qaranı, quşları yemlədikdən sonra qayığının yanına gedərək şərəfli işi ilə məşğul olmağa başlayır.

A.İbrahimova kənd sakinləri arasında böyük hörmət sahibidir. Onun sözlərinə görə, yaşadıqları ərazi rayon mərkəzindən aralıda yerləşir: "İnsanlar çay vasitəsilə bu məsafəni xeyli azaldırlar. Belə ki, avtomobillə yarım saata gedəcəkləri yolu çayı keçməklə bir neçə dəqiqəyə gedirlər. Bu səbəbdən sakinlər daha çox qayıqdan istifadə edirlər".

İşinin çətinliklərindən də danış A.İbrahimova küləkli havada vəziyyətin daha da təhlükəli olduğunu deyir: "Külək bir neçə dəfə qayığı aşırsa da, üzə bildiyimdən boğulmamışam".