Ginnesin Rekordlar Kitabını nəşr edən “Cim Pattison Group” 116 yaşlı yapon qadını planetin ən uzunömürlü insanı təsdiq edib.

Unikal.org ONA-ya istinadla xəbər verir ki, kitaba daxil edilən Kane Tanaka adlı qadın 1903-cü il yanvarın 2-də Tokioda 8 uşaqlı ailənin 7-ci övladı olaraq anadan olub.

O, 1922-ci ildə ailə qurub, dünyaya dörd uşaq gətirib. Planetin ən uzunömürlü sakini hər gün səhər saat 6-da yuxudan oyanır, günortayadək riyaziyyat və kalliqrafiya ilə məşğul olur. Hazırda Fukuokada qocalar evində yaşayır.

Yaponiya uzunömürlülərin sayına görə dünya lideri sayılır. Bundan əvvəlki ən yaşlı yapon - Jiroemon Kimura 2013-cü ildə 116 yaşında vəfat edib. Ginnesin Rekordlar Kitabına daxil edilmiş ən uzunömürlü insan isə 1997-ci ildə 122 yaşında vəfat etmiş fransız Jan Luis Kalmen olub.