Türkiyənin Rusiyadan S-400 HHM sistemləri alması və “Patriot” raketlərinın alınması ilə bağlı qərarsızlığı ortaya bir sıra suallar çıxarıb. Texniki cəhətdən S-400 üstündür, yoxsa “Patriot”?

Unikal.org xəbər verir ki, qiyməti milyardlarla dollarla ölçülən iki müasir HHM sistemi dünyanın iki super gücü ABŞ və Rusiya arasında üstüörtülü bilək güləşinə çevrilib. NATO üzvü Türkiyənin Rusiya istehsalı S-400-ləri almaq istəyi ABŞ-ı narahat edir və təhvil tarixi yaxınlaşdıqca Vaşinqtonun rəsmi Ankaraya təzyiq və xəbərdarlıqları getdikcə artır.
“Patriot” sisteminin alınması ilə bağlı şərtləri qəbul edilməyən Ankara isə S-400-ləri almaq məsələsində qətiyyətli görünür. Rusiya isə ABŞ və Türkiyə arasındakı böhranda hələlik müşahidəçi mövqeyi tutmağa üstünlük verir.
Kağız üzərində baxıldıqda S-400-lərin açıq üstün olduğu görünür. Lakin bəzi ekspertlər S-400-lərin hələ aktiv müharibədə istifadə edilməməsi və bu nəticələrin sırf sınaq mühitində əldə edilmiş olmasını mənfi situasiya olaraq qiymətləndirir.
“Patriot”lar Körfəz savaşlarında döyüş şəraitində istifadə olunub. Hələ də Yəməndən buraxılan raketlərə qarşı Səudiyyə Ərəbistan tərəfindən aktiv şəkildə istifadə olunur. Ancaq “Patriot”larla bağlı mübahisələr başa çatmayıb. 1991-ci ildə Körfəz müharibəsində İraqdan buraxılan “Skad” raketlərinin qarşı vurma nisbətinin aşağı olması bu raketlərə olan etibarı azaltmışdı. Lakin sonradan əlavə olunan yeniləmələrlə “Patriot”un bu əskikliyinin aradan qaldırıldığı deyilir.
Satış bazarı baxımından Amerika istehsalı “Patriot”lar müttəfiqlər şəbəkəsi sayəsində geniş müştəri kütləsinə malikdir. Hazırda ABŞ, Almaniya, Yaponiya, BƏƏ, Tayvan, Hollandiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, İspaniya, Yunanıstan, İsrail. Bəhreyn, Misir və İordaniya bu sistemlərdən istifadə edir. Türkiyə də ehtiyac olduğu təqdirdə NATO ittifaqı daxilində “Patriot” batareyaları yerləşdirə bilir.
S-400-ləri isə Rusiya xaricində istifadə edən ölkə yoxdur. Moskva strateji ehtiyaclarından dolayı bəzi S-400 batareyalarını Suriyada yerləşdirsə də, sistemlər sadəcə Çinə təhvil verilib. Bundan əlavə artıq pulunu ödəmiş Türkiyəyə də bu il ərzində təhvil verilməsi gözlənilir. S-400 HHM sisteminin potensial alıcıları arasında Hindistan, Səudiyyə Ərəbistanı və Bəhreynin adı çəkilir. (Avropa.info)