Bütün, xüsusilə də olimpiya idman növlərini öz çətiri altında inkişaf etdirməklə Azərbaycan idmanının dünya şöhrətini daha da artırmağı özünə əsas məqsəd seçən “Zirvə” Beynəlxalq İdman Klubları AAAF Park Yaşayış Kompleksində yerləşən “Zirvə” liseyinin nəzdində fəaliyyət göstərəcək və ölkə basketbolunun inkişafına yeni- yeni idmançılarla töhvə verəcək basketbol zalının açılışını edib.

“Zirvə” BİK-dən Unikal.org-a verilən məlumata görə, kiçik yaşlardan basketbola həvəs göstərən, uşaqların təhsillərini də davam etdirərək peşəkar idmançı kimi yetişmələri üçün hər cür şəraitin olması bu yeni zalı xüsusi ilə əlamətdar edir və Azərbaycanda bir ilkdir. Həmçinin “Zirvə” uşaq bağçasında da ilkin basketbol məşqləri üçün şəraitin qurulması, lap erkən dövrdən potensiallı uşaqların tapılıb basketbola qazandırılması üçün unikal addımdır. Türkiyənin tanınmış basketbol məşqçisi və “Zirvə” BİK-in vitse-prezidenti Evren Alkaya da zala baxış keçirib, öz müsbət rəyini verib. O həmçinin qeyd etdi ki, idmana bu cür yanaşma məhz beynəlxalq yanaşmadır. Türkiyədə bu praktika uzun illərdir tətbiq olunur və praktikada özünü doğruldur. Peşəkar və savadlı idmançıların yetişməsində əvəzsiz yoldur. Evren Alkaya bu təcrübənin Azərbaycana gətirilməsinə görə Tofiq Heydərova xüsusi təşəkkür edib.

Yeri gəlmişkən qeyd edək ki, bu günlərdə ABŞ-da yeniyetmə ağır atletlər arasındakı dünya birinciliyinin Azərbaycan medalçılarının da məhz “Zirvə” klublarının idmançılarının olması sözü gedən praktikanın və xidmətlərin əyani nəticəsi kimi göstərilə bilər. Bütün bu yenilikləri və xidmətləri nəzərə alan Azərbaycan Basketbol Federasiyası “Zirvə” Beynəlxalq İdman Klubları ilə memorandum imzalayaraq “Zirvə” BİK-in bu imkanlarından yararlanmaq qərarı verib. Memarandum “Zirvə” Beynəlxalq İdman Klublarının Xırdalanda yerləşən "AAAF" Park Yaşayış Kompleksindəki əsas təlim-məşq bazasında baş tutdu. İmzaları “Zirvə” BİK-in prezidenti Tofiq Heydərov və ABF-nin prezidenti Nadir Nəsibov atdılar.

Qeyd edək ki, bir müddətdir Türkiyənin Ankara şəhərində “Zirvə” BİK-in basketbol zalı fəaliyyət göstərir. Sözügedən zal Türkiyə Basketbol Fedarasiyası ilə də sıx əməkdaşlıq edib və öz töhvəsini verir. Qarşıdakı əsas hədəf “Zirvə” BİK-nin basketbol komandalarının həm Azərbaycanda, həm də Türkiyədə yüksək liqalarda təmsil olunmalarıdır.