Xəbər verdiyimiz kimi, 2019-cu ilin fevral ayının 19-da Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərman imzalayıb. Artıq Fərmanda nəzərdə tutulan məsələlərlə bağlı ilk işlərə start verilib. Fərmandan irəli gələrək, artıq  bu gün Bakı şəhərində rəsmi olaraq 6 yaşayış binası istismara verilib. Bunlardan ikisi Yasamal rayonu Alatava ərazisində, 1-i Zərdabi prospektində, 1-i Səməd Vurğun küçəsində  və digər ərazilərdə ümumilikdə 6 yaşayış binaları rəsmi olaraq istismara qəbul olunub. Bu binaların sakinləri daşınmaz əmlakını qeydiyyata almaq üçün ilkin sənədlərini Əmlak Məsələləri Dövlət Komitəsinin səyyar ofislərinə təqdim edib.

Unikal.org xəbər verir ki, Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev Fərmandan irəli gələn məsələlərlə bağlı jurnalistlərə məlumat verib.

O deyib: “Cənab prezident İlham Əliyev vətəndaşları narahat edən məsələləri aradan qaldırılması üçün mütəmadi olaraq addımlar atır. Bu müxtəlif fərman və sərəcamlarla da öz təsdiqini tapır. Cənab prezidentin nümunəvi addımlarından biri də fevral ayının 19-da imzaladığı Fərmandır. Hansı ki, uzun müddətdir çoxmənzilli binalarda insanların istismarına veriməsinə baxmayaraq,  bu binalar  rəsmi  olaraq istismara qəbul olunmamışdır. 

Bu gün Bakıda 6 yaşayış binası istismara verilib. Mən düşünürəm ki, bu ölkə başçısı tərəfindən vətəndaşlara bir hədiyədir. 

Fərmanın əsas məğzi odur ki, uzun müddətdir vətəndaşlar tərəfindən istismar olunan binalarda sənədləşmə prossesi tamamlansın və bu binalar rəsmi olaraq dövlət tərəfindən tanınsın. 
Əks halda, insanların mükiyyətində olan mənzillərin sahibi sayılmırlar. Həmin hümanist fərmanla cənab prezident  vətəndaşlara çox böyük hədiyyə etdi. Fərmanın icrası ilə bağlı rəsmi olaraq istismara verilən binaların sakinləri daşınmaz əmlakını qeydiyyata almaq üçün ilkin sənədlərini Əmlak Məsələləri Dövlət Komitəsinin səyyar ofislərinə təqdim etdi”.

PA rəsmisi Fərmanda nəzərdə tutulan məsələlərdən də söz açıb: “İki ay ərzində Fövqəladə Hallar Nazirliyi və kommunal müəssisələr -“Azərsu”, “Azərişıq”, “Azəriqaz” tərəfindən binalarda yoxlamalar aparlacaq. 

FHN binaların möhkəmliyini, Lift təsərrüfatlarının olub-olmamasını və yanğından mühafizə məsələlərini yoxlayır və bunların haqqında bir rəy tərtib edir.  Həmin bu rəyin nəticələrini iki gün ərzində Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanlarına göndərilir. Bundan sonra binalara “çıxarışların” verilməsinə başlanılır”.  

Feyruz Mustafayev Bakıda 330, Gəncədə 13, Sumqayıtda 13, Abşeronda 36 binada yoxlamalar aparılacağını deyib: “Ümumilikdə 68 min mənzilin 70 faizində məskiunlaşma olmasına baxmayaraq istismara qəbul edilməyib. Bu yaşayış binaların yoxlamalar aparıldıqdan sonra sənədləşmə prosseslərinə başlanılacaq”.

Amid Əyyuboğlu