26 Aprel 2019
Azərbaycan səfiri 10 banka kürü oğurlayıb? - Şok ittiham
Azərbaycan səfiri 10 banka kürü oğurlayıb?- Şok ittiham CƏMİYYƏT 15:00 2019-03-19

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov Azərbaycan hökumətinin Əbu Dabi hökmdarı Xəlif ibn Zayed əl-Nahayan üçün nəzərdə tutulmuş hədiyyəsini mənimsəyib.

Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, söhbət 10 banka kürüdən gedir.

Bundan başqa, hazırda Azərbaycanın Əbu-Dabidəki səfirliyində xüsusi komissiya işləyir, hansı ki, yarım milyon dolların yox olması faktını araşdırır. Şübhələr var ki, bu pul mənimsənilib.

Saytın digər məlumatına əsasən, prezident İlham Əliyev Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarovun geri çağırılması haqda fevralın 25-də sərəncam imzalayıb. 

Martın 7-də isə Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirinin müavini Leyla Süleymanovanı bu ölkədəki müvəqqəti işlər vəkili təyin etmək barədə əmr imzalayıb. L.Süleymanova yeni səfirin təyinatına qədər müvəqqəti işlər vəkili vəzifəsini icra edəcək.

Bununla belə Azərbaycan XİN-in rəsmi saytında Daşqın Şikarov hələ də Birləşmiş Ərəb Əmirliklərindəki səfir kimi göstərilir.

Qeyd edək ki, Daşqın Şikarov kifayət qədər təcrübəli diplomatdır. Daha əvvəl o, Azərbaycanın Pakistanda və Əfqanıstandakı diplomatik missiyalarına başçılıq edib. O, Azərbaycanın BƏƏ-də səfiri vəzifəsinə 2016-cı ilin yanvarında təyin edilib.

Daşqın Şikarovun sözügedən ittihamlarla bağlı Modern.az saytına cavabı isə daha çox Qurani-Kərimdən gətirdiyi sitatlardan ibarət olub. Səfir haqqında şər və böhtan yazıldığını bildirərək bundan təəssüfləndiyini vurğulayıb.

“İslamda böhtan böyük günahlardandır. Qurani-Kərimdə insana böhtan atmağın günah olması aşkar şəkildə qeyd edilir: "Mömin kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!" [1]; "(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək-bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır."[2]”, - deyə səfir əlavə edib.