Bakı sərnişin stansiyasında sərnişinlərin bayram əhval-ruhiyyəsini qaldırmaq üçün Novruz şənliyi keçirilib.

Unikal.org xəbər verir ki, qədimdən bu günədək gəlib çıxan, yaddaşlarda özünə yuva quran Novruz bayramı yalnız adət-ənənələri ilə deyil, həmçinin milli-mənəvi xüsusiyyətləri ilə də yaddaşlarda yaşayır.

Bayram tədbiri əvvəlcə Bakı sərnişin stansiyasında keçirilib, sonra Bakı-Sumqayıt-Bakı elektrik qatarında davam etdirilib.

Novruz bayramının əzəli-əbədi personajları olan Kosa və Keçəlin iştirakı isə sərnişinlərə əsl bayram əhval-ruhiyyəsi yaşadıb.

Qatarda olan balaca sərnişinlərə bayram hədiyyələri təqdim olunub.

Sərnişinlər onlara göstərilən diqqətə görə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gərgin əməyi nəticəsində xalqımızın bu əziz bayramı artıq UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də BMT Baş Məclisinin 64-cü sessiyasında "Sülh mədəniyyəti" adlı 49-cu bəndə müvafiq olaraq "Beynəlxalq Novruz Günü" adlı qətnamə layihəsi yekdilliklə qəbul edilib, BMT martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.