Onları dəyənəklə döyürlər
Onları dəyənəklə döyürlər

Ayaqlarını sındırırlar, cərəyan verirlər, qazla zəhərləyirlər...

Bir çoxumuzun qarderobunda yoxdur o, içimizdən bəzisi çox arzulayır ona sahib olmağı, bəzimiz isə qəti surətdə rədd edirik. Bəzilərimiz o geyimdə olan birini görəndə etiraz bildirməkdən çəkinmirik, bəzilərimiz isə həsəd aparırıq. Çoxumuz bu geyimi əldə etmək üçün canlıları qətl edənlərə qəzəbliyik...

“Biz harmoniya
yaradırıq”

Kürk və dəri istehsalı ilə bağlı uzun müddətdir maraqlanırdım, xarici mediada bu barədə yayımlanan yazıları oxuyurdum, tez-tez heyvan hüquqlarının müdafiəsi cəmiyyətlərinin etiraz və nümayişləri barədə məlumatlar və xəbərlərə rast gəlirdim.
Kürklü heyvan ovu barədə olduqca gizli məlumatlar var. Kürk istehsalı ilə məşğul olan bir şirkətin nümayəndəsi ilə sosial şəbəkələrin birində bu mövzuda apardığımz müzakirə zamanı ona təmsil etdiyi şirkətin doğru iş görmədiyini deyəndə qəribə bir cavab verdi:
“Bizə təbii tarazlığı, harmoniyanı pozanlar, qatil kimi baxırlar, amma biz təbiəti mühafizə etməklə məşğuluq. Əgər o heyvanlar ovlanmasa, tarazlıq pozular və heyvanlara kifayət qədər yem tapılmaz. Ac heyvanlar isə bir-birinə girişərək kürklərini didir, ətlərini qoparır. Biz əslində, gələcəkdə bir-birinə zərər verəcək olan heyvanların kürklərinin ziyan olmamasına xidmət edirik”...

Çin vəhşiliyi

Ötən il dünyadakı kürk ticarətinin yüzdə 70%-ni tək başına reallaşdıran Çində dəhşətli bir fakt aşkarlanmışdı. Video kadrlara çəkilən dəhşətli hadisə PETA-nın (People For The Ethical Treatment of Animals, yəni Heyvanlarla Etik Rəftar Üçün Mübarizə Dərnəyi) qəzəbinə səbəb oldu.
Dünya mediasında və PETA-nın rəsmi orqanında yayımlanan video çarxa 18 yaşından aşağı insanların baxması qadağan edildi. Kadrlarda əks olunanlar dəhşət idi - qiymətli kürkü olan pişiklər və itlər saxlandıqları qəfəslərdən çıxarılaraq qaynayan suya atılır. Qaynar su onların ölməsinə və ya huşunu itirməsinə səbəb olur və beləcə kürkləri də bədənlərindən asan soyulur.
Çindən sonra bu biznesdə ən iri paya malik ölkələr Filippin və Tailanddır. Dünyada ən keyfiyyətli kürk Cənubi Amerika mənşəli şinşilladan əldə edilir. Şinşilla, ildə 2 dəfə doğan, hamiləlik müddəti 120 gün olan, hər bir doğumda orta hesabla 3-4 bala verən gəmiricidir. Qərbi Avropada bu heyvanın kürkünə tələbat yüksəkdir.

Kimlər və necə
qətl edirlər?

Rakun - 7 aylıq bala rakun kürk istehsalçılarının gözündə əsl xəzinədir. Hələ süd əmən balacaları anasından zorla ayıraraq kürk tacirlərinə satırlar. Onların dərisi canlı-canlı soyulur. Hər il çantalar, ayaqqabılar, əlcəklər və kürklər üçün 40 milyon rakun qətl edilir.
Dovşan - tez böyüyən, sürətlə çoxalan bir heyvandır. Saxlanması o qədər də çox qayğı tələb etməyən dovşanın Rex növündən daha çox kürk istehsalında istifadə edilir. Bu cür dovşanların 6-8 aylıq olanda ildə bir kq yunu olur. Rex dovşanına daha çox tələbat olmasına səbəb yununun ağ, yümşaq, zərif və qoyun yunundan 2 dəfə isti olmasıdır. Normal ölçüdə bir kürk hazırlamaq üçün ən azı 70 dovşanı qətl etmək lazım gəlir. Bu cür kürk minimum 10 min manata təklif edilir.
Su samuru - soyuq iqlim heyvanıdır, bədən uzunluğu 50 sm, quyruq uzunluğu 15 sm-dir. Dişi su samuru orta hesabla 1.5 kq, erkək su samuru 2.5 kq ağırlığındadır. İldə bir dəfə doğur, hər dəfədə orta hesabla 5-6 bala verir. Baxımının asan olması və yemlənməsində problem yaranmaması onların kütləvi şəkildə ovlanaraq kürk istehsalı üçün böyüdülməsinə zərurət yaradır. Diri-diri samurun dərisini soyan işbazlar bunu kürk zədələnməsin deyə edirlər. Dərisi boğazından çıxarılan biçarə samurun yağı isə kosmetik vasitələrdə işlədilir.
Tülkü - hər iqlim qurşağında yaşaya bilir. Sürətlə və sağlam böyüyən heyvandır, kürk üçün təlabat olan növünün boyu 75-100 sm, quyruq uzunluğu 30-50 sm-dir. Çox müxtəlif rəngli dəriləri var. Kürk istehsalı ilə məşğul olan şirkətlər onların kürklərinə, ələxsus da quyruqlarına böyük önəm verir. Onları öldürmək üçün canlı-canlı arxa ayaqlarını qırırlar, ayaqlarının kənarından bıcaqla azacıq çərtirlər və hər iki tərəfdən tutaraq sürətlə geri çevirlər, bədbəxt heyvan bu vəhşi işgəncədən ağlayır, can verir... amma dərisini üzənlər öz işindədir. Sonda tülkünün gözəl kürkü əlindən alınır, ağ ət parçası olan bədənində yeganə rəngli şey gözləri qalır.
Fok - onları hamımız çox sevirik, o qədər şirin və məsumdurlar ki.. Hər il Kanadada 270-280 min bala fok heyvan qatillərinin dəyənəyi ilə döyülə-döyülə öldürülür. Ana fokun gözləri qarşısında balalarını tutub başlarını ucu haça formasında olan alətə keçirib çarəsizcə sallanan bədənindən diri-diri dərisini üzüb çıxarırlar. Heyvan müdaifəsi təşkilatlarının nümayəndələri deyir ki, dünyada balasının diri-diri soyulduğunu görən ana fokun naləsindən daha dəhşətli bir səs yoxdur...

Hansı məşhurlar
kürk geyir?

Azərbaycan şou-biznesinin tanınmış simalarından olan bir müğənni-aktrisa su samurundan olan kürkü ilə bir müddət medianın gündəmində qaldı. Qarderobunda daha bir neçə kürkünün olduğunu deyən müğənni-aktrisa kürk geyməkdən məmnun qaldığını da söyləmişdi.
Qonşu Türkiyədə məhşur sənətçilər - Tarkan, Bülənt Ərsoy daima heyvansevərlərin diqqəti mərkəzindədir. Onların tez-tez kürk geyməsi heyvan müdafiəçilərinin qəzəbinə tuş gəlir. Hətta, Türkiyə mediasında Tarkanın kürklü bir rəsmi ilə öldürülmüş və kürkü soyulmuş heyvanın birgə rəsimləri də yayımlandı. Amma çox keçmədi ki, Tarkan PETA-nın bir reklam çarxında çılpaq rol aldı.
Türk moda aləminin tanınmış simalarından olan İvana Sərt isə uzun müddət mediada qınaq obyekti oldu. Dəvət edildiyi bir tədbirə kürklə gələn məhşur modaçı heyvan haqlarını müdafiə cəmiyyətinin üzvləri tərəfindən qəzəbə tuş gəldi. Özünü müdafiə edən modaçı jurnalistlərə belə demişdi: “O heyvanları mən öldürmədim ki, utanım. Utanmalı bir şey etməmişəm, satırlar, mən də alıram. Onda heç kim ət də yeməsin”.
Məhşur futbolçu Devid Behkemin arvadı Viktoriya Bekhemin timsah dərisindən olan 29 min dollarlıq çantası da PETA təşkilatının etirazına səbəb olmuşdu. Kürk, yaxud da dəri geyim, aksessuarlar istifadə etdikləri üçün Cenifer Lopez, Beyonce, Kate Moss, Paris Hilton, Puff Diddy, Madonna, Naomi Campbell, Nicole Kidman, Usher, Cindy Cravford, Claudia Schiffer, Ketrin Zeta Cons, Sarah Cessica Parker, Cessica Simpson kimi məşhurlar, heyvan haqları müdafiəçisi PETA-nın qara siyahısına düşüb.

“Fəaliyətimizin
əks-təsirlərini
həyatımızda
hiss edəcəyik”

Ekoloq Jurnalistlər Birliyinin sədri Cəmşid Quliyevin fikirncə, insanın başqa canlılara münasibəti Yer üzündə həyatın nizamına təsir edən başlıca amildir: “O cümlədən, ətraf mühit problemlərinin inkişafının istiqamətini də məhz bu münasibətlərin keyfiyyəti müəyyən edir. Qiymətli olan həyatdır. Biz ətraf mühit problemlərinin həllindən danışarkən bunu məhz həyat naminə, Yer üzü sakinlərinin xoşbəxtliyi naminə etmiriksə, deməli motivlərimiz heç də təmiz deyil və ya biz mənəvi dəyərlərdən çox-çox uzaqdayıq.
Mən həyat dedikdə isə, təkcə insan həyatını yox, bütün canlıların həyatını nəzərdə tuturam. Dərrakəsinin səviyyəsindən, bədəninin forma və ölçüsündən, nitq qabiliyyətindən, fiziki gücündən asılı olmayaraq bütün canlıların öz həyatına münasibəti eynidir: onların heç biri ölümü, ağrını, qorxunu, aclığı... sevmir”.
Ekoloq deyir ki, istisnasız olaraq bütün canlılar mənfi emosiyalardan uzaq bir həyat arzulayır: “İnsanlar “xoşbəxtlik” dedikdə, məhz belə bir həyatı nəzərdə tuturlar. Amma unutmamalıyıq ki, başqalarının bədbəxtliyi üzərində qurulan “xoşbəxtlik” tez bir zamanda bunun tam əksi olan bir həyatla əvəzlənir.
Yer üzündə həqiqi xoşbəxtlik yalnız o zaman mümkün olacaq ki, insanlar “mən və mənim” konsepsiyasından uzaq, bütün canlıların ümumi xoşbəxtliyinə yönəlik düşüncə və həyat tərzlərinə sahib olsunlar. Bəli, insan ət yemədən, xəz geymədən də yaşaya və hətta xöşbəxt yaşaya, ətrafındakılara da xoşbəxtlik bəxş edə bilər. Həyatın sirri, mahiyyəti bu sevgidə, həyat sevgisindədir. Yalnız bunu dərk etdikdə insan təkcə özünü yox, yaxınlarını, öz xalqını, vətənini, hətta Tanrını həqiqətən sevə bilər”.

Cinayətə ortaq olmaq
istəyirsinizmi?

Qeyd edək ki, hər il PETA heyvanların müdafiəsi üçün xüsusi aksiya keçirir. Tanınmışlar, məhşur simalar bu kompaniya çərçivəsində çılpaq fotolar çəkdirir. Amerikalı aktrisa Oliviya Mann, tanınmış italyan fotomodel və teleaparıcı Elizabetta Kanalisin çəkildiyi fotossessiyalar olduqca böyük səs-küyə və marağa səbəb oldu.
Yeri gəlmişkən, bir müddət öncə Azərbaycan televiziyaların birində, geniş auditoriyası olan bir proqramda, aparıcı qadın bir kürk reklamı edirdi. Əyninə geydiyi kürkün özəlliklərini sadaladı və sözünü belə bitirdi: “Bu an qəribə bir hiss keçirirəm, əynində bir canlının kürkünü hiss etmək böyük səadətdir”. Biz o qadının adını da yaza bilərdik, o proqramı və o kürk firmasını da yazımızda qeyd edə bilərdik, amma etmədik. Onsuz da yazacaqlarımızdan nə utanasıdırlar, nə də bir şey anlayası.
Kürklər parça deyil ki, heyvanlara zərər vermədən geyə biləsən. Kürklərin hər tükündə qan var, diri-diri əynindən çıxarılan sahibinin qanı. Kürk saç, dırnaq deyil, kəsəsən yerindən başqası çıxa. Kürk cinayətdir, kürk qətliamdır. Qanlı cinayətə ortaq olmayaq, günahsız heyvanların dərisini üzməyək, kürk geyməyək...
Lalə Mehralı