AVRO-2020-nin seçmə mərhələsində ilk turun daha 7 oyunu keçirilib.

Unikal.org xəbər verir ki, A, B və H qruplarında mübarizəyə start verilib.

Qonşu Türkiyə yığması H qrupunda ilk görüşünə çıxıb. Şenol Günəşin baş məşqçi postuna 15 ildən sonrakı qayıdışı səfər qələbəsi ilə nəticələnib. “Ay-ulduzlular” Albaniyada üç xalla sahib olublar. Yığma tarixinin ikinci ən yaxşı bombardiri Burak Yılmaz son 15 matçda 9-cu, ümumilikdə 24-cü qolla millinin qələbəsində pay sahibi olub. İkinci hissədə fərqlənən Hakan Çalhanoğlu isə Türkiyə yığmasının üstünlüyünü möhkəmlədib. Bu iki qol Ş.Günəşin yetirmələrinə tsiklə qələbə ilə başlamaq üçün yetərli olub.

Bu qrupun aşkar favoriti olan Fransa səfərdə Moldova ilə görüşüb. Son dünya çempionları rəqibini darmadağın edib. Bu qarşılaşmaya start heyətində çıxan “Səbail”in futbolçusu Yevgeni Koçuk ilk hissədən sonra əvəzlənib.

“Qarabağ”ın qapıçısı Hannes Halldorson isə İslandiyanın Andorradakı səfər görüşündə meydana çıxıb. Qapısını toxunulmaz saxlayan qolkiper komandasının qələbəsinə töhfə verib.

Beş komandanın mübarizə apardığı digər iki qrupun hərəsində iki qarşılaşma keçirilib. A qrupunda İngiltərə öz meydanında Çexiyanı böyük hesabla məğlubiyyətə uğradaraq liderliyi ələ alıb. Bu matçda Rahim Sterlinq het-trik müəllifi olub. Bolqarıstanla Monteneqronun duelində hərəyə 1 qol vuran komandalar bir xalla kifayətləniblər. “Qarabağ”ın futbolçusu Simeon Slavçev formasını geyindiyi Bolqarıstan yığmasının heyətində növbəti oyununu keçirib. O, 69-cu dəqiqədə meydana daxil olub.

B qrupunda Portuqaliya və Ukrayna arasında görüş qolsuz sülhlə nəticələnib. Martın 25-də Bakıda Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcək Litva isə səfərdə Lüksemburqla görüşüb. Meydan sahibləri bu qarşılaşmada 2:1 hesabı ilə qələbə qazanıblar.

Qeyd edək ki, seçmə mərhələnin ilk turuna bu gün yekun vurulacaq.

AVRO-2020-nin seçmə mərhələsi
22 mart

A qrupu
21:00. Bolqarıstan – Monteneqro – 1:1
Qollar: Todor Nedelev, 82 (pen.) – Stefan Muqoşa, 50
Baş hakim: Ruddi Buke (Fransa)
Sofiya. Vasil Levski Milli Stadionu

23:45. İngiltərə - Çexiya – 5:0
Qollar: Sterlinq, 24, 62, 69, Keyn, 45 (pen.), Kaıas, 84 (avtoqol)
Baş hakim: Artur Manuel Ribeyro Soares Dias (Portuqaliya)
London. “Uembli” stadionu
Növbəti oyunlar martın 25-də keçiriləcək: Kosovo – Bolqarıstan, Monteneqro – İngiltərə.

B qrupu
23:45. Lüksemburq – Litva – 2:1
Qollar: Barreyro, 45, Rodriges, 55 – Çernıx, 14
Baş hakim: Roy Reynşreyber (İsrail)
Lüksemburq. Jozi Bartel stadionu

23:45. Portuqaliya – Ukrayna – 0:0
Baş hakim: Klement Turpin (Fransa)
Lissabon. “Benfika” stadionu
Növbəti oyunlar martın 25-də keçiriləcək: Lüksemburq – Ukrayna, Portuqaliya – Serbiya.

H qrupu
23:45. Albaniya – Türkiyə - 0:2
Qollar: Burak Yılmaz, 21, Hakan Çalxanoğlu, 55
Baş hakim: Tobias Ştieler (Almaniya)
Şkoder. Loro Boriçi stadionu

23:45. Andorra – İslandiya – 0:2
Qollar: Byarnason, 22, Kyartansson, 80
Baş hakim: Sandro Şarer (İsveçrə)
Andorra la Vella. Milli stadion

23:45. Moldova – Fransa – 1:4
Qollar: Ambros, 89 - Qrizmann, 24, Varan, 27, Jiru, 36, Mbappe, 87
Baş hakim: Aleksandar Stavrev (Makedoniya)
Kişinyov. “Zimbru” stadionu
Növbəti oyunlar martın 25-də keçiriləcək: Türkiyə - Moldova, Fransa – İslandiya, Andorra – Albaniya.