Bu gün səhər “8-ci km” adlanan bazarda (“Vasmoy bazarı”) yanğın başlayıb.

Unikal.org-un məlumatına görə, bu barədə "Marja"ya hadisənin şahidləri veriblər.

Yanğın bazarın "Diqlas" ticarət mərkəzinin qarşısında olan hissəsində baş verib. Yanğnsöndürənlər yanğını söndürməyə çalışırlar.

Fövqəladə Hallar Nazirliyindən (FHN) ona-ya verilən məlumata görə, hadisə Naxçıvanski küçəsində, 8-ci mikrorayon bazarının yaxınlığında qeydə alınıb.

Məlumatda bildirilir ki, həmin ünvanda yerləşən dönərxana köşkündə hazırda yanğın davam edir. Dönərxananın yerləşdiyi ərazi sıx ticarət obyektləri ilə əhatəli olduğundan yanğının miqyasının arta biləcəyi təhlükəsi var.

Əraziyə FHN-in yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Hazırda hadisə yerində yanğının söndürülməsi işləri aparılır.

Əvvəl (08:53)

***

9:09

Nizami rayonunda yerləşəm “Diqlas” ticarət mərkəzində güclü yanğın baş verib.

Musavat.com-un məlumatına görə, ətrafı qatı tüstü bürüyüb. Yolda nəqliyyatın hərəkəti dayandırılıb. Yanğının “Lotos” ticarət mərkəzinə keçməsi təhlükəsi var.

9:32

Fövqəladə Hallar Nazirliyi baş verən yanğınla bağlı məlumat yayıb. Unikal.org xəbər verir ki, məlumatda qeyd edilir ki, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür. Əlavə məlumat veriləcək.

9:39

Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində başlayan yanğın güclənib. 

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, ticarət mərkəzi yararsız hala düşüb.

Yanğının yaxınlıqdakı yaşayış binasına keçməsi təhlükəsinin qarşısı alınıb. Alov elektrik naqillərini də sıradan çıxarıb. Ərazidəki insanlardan bir neçəsi tüstüdən zəhərlənib, onlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar.

***

12:17

Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğın yenidən şiddətlənib. 

Yanğının söndürülməsinə əlavə qüvvələr cəlb olunub.

***

15:10

“Diqlas” Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.  

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğın nəticəsində ticarət mərkəzinin binası tam yararsız hala düşüb.