Balakəndə evində narkotik və silah saxlayan şəxs tutulub.

Unikal.org ARB TV-yə istinadən xəbər verir ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat keçiriblər.

Rayonun Xalatala kənd sakini 26 yaşlı Murad Abduyev saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən 31 ədəd çətənə bitkisi aşkar olunub.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində M.Abduyevin evindən qanunsuz olaraq saxladığı 1 ədəd "TOZ-8" markalı silah da aşkar edilərək maddi sübut kimi götürülüb.

Murad Abduyev - Saxlanılan şəxs: "İlk dəfə 2018-ci ilin avqust ayında Gürcüstanda olarkən narkotik istifadə etdim. Oradan gələndən sonra meşəyə moruq yığmağa getdim. Orada balaca ağac tapdım. Öz istifadəm üçün toxumlarını yığdım. Bu il mart ayının əvvəlləri yaşadığım evdə onu yetişdirdim. Peşmanam".

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.