Gəncədə avtoxuliqanlar saxlanılıb.

Bu barədə Unikal.org-a DİN-nin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumat görə, Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən bir qrup sürücü saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Araşdırmalarla polis əməkdaşları tərəfindən saxlanılan Gəncə şəhər sakinləri - Ayxan Məmmədovun, Nicat Seyidzadənin, Novruz Məmmədovun müxtəlif vaxtlarda şəhərin bəlli küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etmələri məlum olub. "Mercedes", "VAZ-2011", "VAZ-21074" markalı avtomobilləri idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan bu şəxslər barəsində Gəncə şəhər BPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Bundan başqa Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları bayram günlərində çoxavazlı səs siqnalları ilə vətəndaşların rahatlığını pozan və avtomobilin quruluşuna dəyişiklik edən sürücüləri də aşkarlayıb. Həmin sürücələr avtomobilləri cərimə meydançasına aparılmaqla inzibati qaydada məsuliyyətə cəlb ediliblər.