Prezident İlham Əliyev Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org-un xəbərinə görə, Sərəncamda qeyd olunur ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi 81Q ünvanında yerləşən ticarət mərkəzində fəaliyyət göstərən və 2019-cu il martın 26-da həmin ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılsın.

İqtisadiyyat Nazirliyinə zərər çəkmiş sahibkarlara bu sərəncama əsasən ayrılmış vəsait hesabına maddi yardım göstərilməsi qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla üç gün müddətində təsdiq etmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.