Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramı münasibətilə martın 28-də “Buta” sarayında təntənəli tədbir keçirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, hökumət nümayəndələri, hüquq mühafizə orqanlarının rəhbərləri, Azərbaycanın Milli qəhrəmanları, təhlükəsizlik orqanlarının veteranları, həmçinin 40 xarici xüsusi xidmət orqanının 160 rəhbər və təmsilçisi iştirak edib.

Yubiley tədbiri Azərbaycan Dövlət Xor Kapellasının ifasında dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Fuad Ələsgərov tədbir iştirakçılarını salamlayıb və prezident İlham Əliyevin Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin şəxsi heyətlərinə təbrikini oxuyub.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev çıxış edərək təntənəli tədbirin iştirakçılarına, o cümlədən yubiley ilə əlaqədar Bakıya qonaq gələn tərəfdaş ölkələrin xüsusi xidmət orqanlarının rəhbərlərinə və nümayəndə heyətlərinə təşəkkürünü bildirib.

O qeyd edib ki, ölkəmizin heyrətamiz tərəqqisi, mövcud sabitlik və təhlükəsizlik müasir müstəqil Azərbaycanın banisi və qurucusu ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirilən siyasətin məntiqi parlaq nəticəsidir. 

M.Quliyev DTX-nin beynəlxalq əməkdaşlıq əlaqələrinin son illər daha fəal və səmərəli xarakter aldığını vurğulayıb. Bildirib ki, hazırda DTX dünyanın 70-dən artıq xüsusi xidmət orqanı ilə, eləcə də nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində ikitərəfli və çoxtərəfli formatda qarşılıqlı faydalı əməkdaşlıq edir. Tərəfdaşlıq yalnız informasiya və təcrübə mübadiləsi ilə deyil, bir çox hallarda birgə fəaliyyət və əməli kömək şəklində həyata keçirilir. Qürurverici haldır ki, dünyanın təhlükəsizlik sisteminin formalaşmasında Azərbaycanın da əməyi var.

Quliyev yubiley ərəfəsində prezidentin sərəncamları ilə bir qrup əməkdaşın dövlət mükafatlarına və ali zabit rütbələrinə layiq görülməsini DTX-nin fəaliyyətinə növbəti dəfə verilən yüksək qiymətin bariz nümunəsi olduğunu qeyd edib və Ali Baş Komandana şəxsi heyətin adından dərin minnətdarlığını bildirib.

Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-leytenant Orxan Sultanov çıxışında Azərbaycan təhlükəsizlik orqanlarının təşəkkül tarixindən danışıb, Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzunun və mövqelərinin gündən-günə daha da möhkəmləndiyini xüsusi qeyd edib. 

Təntənəli tədbir Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, Dövlət Rəqs Ansamblının, “Qaya” dövlət vokal ansamblının, eləcə də respublikanın tanınmış incəsənət xadimlərinin ifasında bədii proqramla davam edib.