İcra başçısı ilə şöbə müdirinin "Ağcabədi məcaralari"
İcra başçısı ilə şöbə müdirinin "Ağcabədi məcaralari"

Yaxud, Ağcabədi təhsilinə ayrılan vəsait hansı məqsədlər üçün istifadə olunur?

Bu gün ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı irimiqyaslı mübarizə tədbirləri həyata keçirilir. Bu tədbirlərin digər sahələr kimi ölkənin təhsil sisteminə də şamil olunması, həmçinin respublikanın təhsil sistemində ümumilikdə uğurla həyata keçirilən əsaslı islahatlar əlbəttə ki, tədricən öz müsbət nəticələrini verir və Azərbaycan təhsilinin nə vaxtsa qabaqcıl dünya standartlarına uyğun səviyyəyə çıxacağına ümid yaradır.

Lakin ümumilikdə uğurla həyata keçirilən islahatların fonunda bəzi strukturlarda hələ də yaşanmaqda olan ciddi kadr problemləri xüsusilə diqqəti çəkir. Məlum olduğu kimi təhsil sahəsində baş verən neqativ hallar digər sahələrlə müqayisədə daha tez ictimai rezonansa səbəb olur. Bu isə təbiidir, çünki təhsil elə bir fəaliyyət sferasıdır ki, burada demək olar ki, bütün vətəndaşlar iştirak edir. Elə bu səbəbdən də təhsildəki hər hansı problem və çatışmazlıq daha intensiv ictimailəşir. Problem bütün respublika miqyasında aktual olsa da özünü daha çox regionlarda daha çox hiss etdirir.
Bu baxımdan Ağcabədi rayonu da istisna deyil. Hər halda bir qrup rayon sakininin “Unikal” qəzetinin elektron ünvanına göndərdiyi şikayət məktubu ilə tanış olduqdan sonra belə qənaətə gəlmək olur. Maraqlıdır ki, bu şikayətin müəllifləri də elə təhsil işçiləridir, sadəcə olaraq bəlli səbəbdən adlarını açıqlamağı məsləhət bilməyiblər. Daxil olan şikayətdə isə Ağcabəi rayon təhsil şöbəsinin müdiri Mehdi Əhmədovun yarıtmaz fəaliyyəti və onun təhsil işçilərindən mütəmadi olaraq müxtəlif adlar altında rüşvət yığması qınanılır: “Ağcabədi təhsiliylə bağlı elə bir dözülməz vəziyyət yaranıb ki, artıq rayonun təhsil işçiləri məcburiyyət qarşısında mətbuata və müvafiq dövlət orqanlarına müraciət etmək zorunda qalıblar. Təhsil şöbəsinin müdiri demək olar ki, hər ay müxtəlif bəhanələrlə məktəb direktorlarından haqq istəyir. Məktəb direktoru isə tələb olunan rüşvəti ödəmək üçün müəllimlərə müraciət edir və beləliklə də təhsildə rüşvət əməliyyatı zəncirvari prosesə çevrilir. Bizə daha çox qəribə görünən hal isə onun bu məsələdə rayonun icra başçısı Şahin Məmmədov adını hallandırmasıdır. Şöbə müdiri bizdən tələb etdiyi rüşvəti belə əsaslandırmağa çalışır ki, ondan da icra başçısı tələb edir, məqsəd isə yığılan vəsaiti rayonun abadlığına sərf etməkdir. Biz başa düşmürük, nə vaxtdan rayonun abadlaşdırılması yoxsul müəllimlərin vəsaiti hesabına reallaşdırılır. Axı hər il dövlət büdcəsindən hər bir rayonun abadlaşdırılması məqsədilə milyonlarla manat vəsait ayrılır, cənab prezident bununla bağlı ayrıca fərmanlar verir? Belə olan halda isə soruşmaq lazımdır: bəs büdcədən ayrılan həmin milyonlar hara xərclənir?”
Məktub müəllifləri daha sonra bildirirlər ki, bu biabırçılığa son qoyulmayacağı təqdirdə onlar Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə rəsmi şəkildə müraciət edəcəklər.
Daxil olan şikayətlə bağlı apardığımız araşdırma zamanı da təsdiqləndi ki, həqiqətən də Ağcabədi təhsilində ciddi problemlər yaşanır və kiçik bir yoxlama belə burada böyük korrupsiya hallarının üstünü aça bilər. Təhsil şöbəsinin Təhsil Nazirliyində tanışlarının olmasını və bu səbəbdən də kimsədən çəkinmədiyini iddia etməklə sanki törətdiyi qanunsuzluqları ört-basdır etməyə çalışır. Bundan başqa müəllimlərin dərs saatlarını kəsərək, öz əlində cəmləşdirən Mehdi Əhmədov həmin saatlarını məktəb direktorlarına paylayıb, ayın axırında pulunu tələb edir. Məlumdur ki, məktəblərdə fakultativ məşğələlər, sinifdən xaric dərslər əksər yerlərdə keçirilmir. Həmin dərsləri də direktorlar müəllimlərin arasında razılıq əsasında bölür. Təbii ki, həmin puldan rayon təhsil şöbəsinin müdirinə də çatır. Biz redaksiya olaraq daxil olmuş faktlar əsasında daha geniş material hazırlayırıq və araşdırmalarımızın yekunu olaraq bir sıra suallara cavab tapmağa çalışacağıq:
- Ağcabədi rayon təhsil şöbəsinin müdiri Mehdi Əhmədov Təhsil Nazirliyində kimə güvənir?
- Ağcabədi təhsilinə ayrılan vəsait doğurdanmı icra başçısının təkidi ilə rayonun abadlaşdırılması adı altında həzm-rabedən keçirilir?
- İcra başçısı ilə təhsil şöbəsinin müdirini daha hansı teller və biznes əlaqələri birləşdirir?
Bu və digər sualların cavabını qarşı tərəfin də mövqeyini öyrənərək dərc etməklə növbəti saylarımızda oxuya biləcəksiniz. Sonda isə qeyd edək ki, Ağcabədi rayon Təhsil Şöbəsi 1938-ci ildə yaradılıb və rayonda 62 ümumtəhsil məktəb, 35 məktəbəqədər və 5 məktəbdənkənar tərbiyə müəsissəsi fəaliyyət göstərir.
Natiq Rəhimov