Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Polşada keçirilən Beynəlxalq Qadın Sammiti çərçivəsində UNESCO-nun baş direktoru İrina Bokova ilə görüşüb.

Unikal.org-un məlumatına görə, baş direktor Azərbaycanla təşkilat arasında yüksək səviyyəli əməkdaşlıq olduğunu, Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirdiklərini və Azərbaycanla təşkilat arasında əməkdaşlığın getdikcə daha da genişlənməsinin məmnunluq doğurduğunu vurğulayıb

Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ölkə daxilində də gördüyü böyük işlərdən danışan Q.Paşayeva Azərbaycanın UNESCO ilə əməkdaşlığa böyük önəm verməsi, dünyada mədəniyyətlərarası dialoqun genişlənməsi istiqamətində gördüyü böyük işlərdən danışıb.

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələri, qəbiristanlıqları dağıtması barədə də danışan millət vəkili ölkəmizin bu vandalizm aktlarına qarşı mübarizədə beynəlxalq təşkilatlardan, o cümlədən UNESCO-dan daha çox dəstək gözlədiyini deyib.

Fikir mübadiləsinin sonunda millət vəkili Q.Paşayeva UNESCO-nun baş direktoru İ.Bokovanı BMT baş katibliyinə namizədliyini irəli sürməsi münasibətilə təbrik edib: "Sizin qələbəniz BMT-yə ilk dəfə bir qadının başçılıq etməsi demək olardı və bir çox yanaşmaları dəyişə bilər".

Q.Paşayeva İ.Bokovanı Beynəlxalq Qadın Sammitinin mükafatına layiq görülməsi münasibətilə də təbrik edib. Təşəkkürünü bildirən İ.Bokova UNESCO-ya rəhbərliyi dövründə Azərbaycanla gözəl əməkdaşlıqdan hər zaman məmnun olduğunu bildirib.