Unikal.org xəbər verir ki, 123 nömrəli məktəbdən "Qafqazinfo"ya hadisəni təsdiqləyiblər və bildirilib ki, məktəbdə tibb bacısının müayinəsindən sonra dərhal təcili tibbi yardım çağırılıb və Lətifov İlkin Mehman oğlu qapalı kəllə-beyin travması diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib:

"Şagirdin daxili orqanlarında qanaxma olması və əməliyyat  olunacağı barədə məlumat  dərhal valideynlərinə verilib. Məktəb kollektivi tərəfindən şagirdin ailəsinə maddi yardım da göstərilib.

Martın 15-də şagirdin vəfat etdiyi barədə məlumat verilib. Ölüm xəbərindən sonra isə mərhumun sinif yoldaşları ilə zarafatlaşarkən xəsarət aldığı məlum olub. Nəticədə, məktəbin 2 şagirdi şübhəli qismində nəzarətə götürülüb.

Hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır".

15:11

Daha bir orta məktəbdə ölüm hadisəsi baş verib. Söhbət Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki H.Z. Tağıyev adına 123 saylı tam orta məktəbdən gedir. 

Unikal.org Cebhe.info-ya istinadən xəbər verir ki, etibarlı mənbədən məlumat daxil olub. Məlumata görə, 11-ci sinif şagirdləri arasında yaranan münaqişə ölümlə nəticələnib. Məktəblilər arasında mübahisə martın 4-də fiziki tərbiyə dərsində baş verib. Dava zamanı döyülən və ciddi xəsarət alan şagirdələrdən biri huşunu itirərək yerə yıxılıb. Bunu görən digər sinif yoldaşları dərhal məktəbin tibb məntəqəsinə gələrək İlkin adlı şagirdin özünü pis hiss etdiyini xəbər veriblər. İlkinin sinif yoldaşları əvvəlcə onun stadionda topu atanda yıxıldığını deyiblər. Məktəbin tibb bacısı, eləcə də müəllim heyəti stadiona gedib və həqiqətən də İlkinin vəziyyətinin kirtik olduğunu görüb.

Məktəbə çağırılan təcili tibbi yardım briqadası İlkini şəhər xəstəxanalarından birinə aparıb. 20-21 gün koma vəziyyətində qalan İlkin Novruz bayramı ərəfəsində vəfat edib. Mənbənin bildirdiyinə görə, ölən şagird sinif yoldaşları Kənan və Elşən tərəfindən döyülüb. İddialara görə, mübahisə İlkinin söyüş söyməsi ilə qızışıb və o, ciddi xəsarət alıb. O da bildirilir ki, dəyən zərbələrdən onun qabırğası sınıb və nəticədə ciyəri zədələnib. Mənbənin sözlərinə görə, İlkin həmin gün xəstə olub, anası onu dərsə buraxmayıb. Amma İlkin üçüncü dərs saatında məktəbə gedib.

Baş verən hadisə Novruz bayramına təsadüf etdiyindən hadisə açıqlanmayıb. Məlumatlara görə, məktəb direktorunun iştirakı ilə müəllimlər və eləcə də şagirdlər İlkinin tibbi xərclərinə kömək məqsədilə 2500 manata qədər pul yığıblar. Hətta Xəzər Rayon Polis İdarəsindən gələn müstəntiq şagirdlərin izahatını da götürüb. Hazırda hadisədə adı çəkilən 2 şagirdin Kürdəxanıdakı istintaq təcridxanasına saxlanıldığı bildirilir. Cebhe.info hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətini rəhbəri Bəşarət Məmmədovla əlaqə saxlayıb. Onun mövqeyini olduğu kimi dərc edirik: 

“Valideyni ilə filan danışmışınızmı? Belə hal olsa, indiyə qədər qalardı? Hər halda maraqlanın. Nə yaxşı məlumatı hüquq- mühafizə orqanından almırsız? Siz də maraqlanın, biz də şey edək, görək nə olsa, əlaqə saxlayaq”. 

H.Z. Tağıyev adına 123 saylı tam orta məktəbin direktoru Vəli Hüseynlinin isə mövqeyi eyniylə belə olub: “Bu hadisə barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə məlumat vermişik, oradan alarsız”. 

Həmin məlumatın bizə də verilməsini təkid etdikdə, direktor “Mən axı bilmirəm siz kimsiz”, - deyə cavabdan yayınıb. “Yanımda qonaqlar var, iclasdayam, danışa bilmirəm. Üzrlü sayın”,- deyə əlaqəni yarımçıq kəsib.