Məmurlar deputatların telefon zənglərinə niyə cavab vermir?
Məmurlar deputatların telefon zənglərinə niyə cavab vermir?

Millət vəkilləri nazirləri bezdirib

Mütəmadi olaraq ölkə gündəmini məşğul edən mövzulardan biri də millət vəkillərinin telefon zənglərinə məmurların cavab verməməsidir. Bu məsələ müxtəlif zamanlarda müxtəlif millət vəkilləri tərəfindən qaldırılsa da mövzu günümüzdə də aktuallığını qoruyub saxlayır. Elə bir müddət öncə "Unikal" qəzetinə müsahibə verən Bütöv Azərbaycan Xalq Cəbhəsinin sədri, millət vəkili Qüdrət Həsənquliyev də bu mövzuya toxunmuş və deputatların sorğularına məmurlar tərəfindən laqeydsizlik nümayişindən şikayətlənmişdi.

Qeyd edək ki, sözügedən mövzu ilə bağlı şikayətçi olan təkcə Qüdrət Həsənquliyev deyil. Məsələn Vətəndaş Həmrəyliyi Partiyasının rəhbəri, millət vəkili Sabir Rüstəmxanlı da yüksək vəzifə tutan məmurların deputatların zənglərinə cavab verməməsi məsələsini dəfələrlə qabardıb. O, hətta Milli Məclisdəki çıxışı zamanı belə bir maraqlı və bir qədər də ironik təkliflə çıxış etmişdi ki, əgər məmurların deputatların zənglərinə cavab vermirsə o zaman dövlət əlavə xərc çəkərək niyə millət vəkillərini faks və dövlət telefon nömrələri ilə təmin edir: "İri məmurlar nəinki adi vətəndaşların, heç deputatların da faksa, dövlət telefonuna vurduqları zəngə cavab vermirlər. Ona görə təklif edirəm ki, bu iki xidmət ləğv edilsin. Buna görə ödənilən vəsait isə başqa sahəyə yönəldilsin"
Məsələnin problemi tərəfi isə ondan ibarətdir ki, tutaq ki hansısa millət vəkili seçicilərinin problemlərinin həllinə yardımçı olmaq məqsədilə hansısa nazirlə əlaqə yaratmaq istəsə də məmurlar aparatda onların nömrələrini görən kimi ya qaldırmırlar, ya da telefonu söndürürlər. Bununla bağlı əldə etdiyimiz məlumatda bildirilir ki, əksər nazirlər iş otaqlarına nömrə yazan telefonlar qoyublar və zənglərin deputatlardan gəldiyini müəyyənləşdirib onlara cavab vermirlər. Maraqlıdır, bəs məmurların deputatlardan qaçmasının əsl səbəbləri hansılardı? Görəsən, hansı səbəbdən nazirlər millət vəkillərinin zənglərinə cavab vermir?
Apardığımız sorğu zamanı bəlli oldu ki, əksər hallarda nazirlərə edilən zənglərə ya onların katibələri, ya da köməkçiləri cavab verir. Nazirlərin deputatlardan "qaçması"nın əsas səbəbi kimi isə bir çox deputatların nazirləri öz şəxsi xahişləri ilə bezdirmələri faktı göstərilir. Amma bir məsələ də var ki, nazirlər şəxsi problemlərinin həlli üçün onlardan yardım istəyən deputatları bəhanə gətirərək, seçicilərinin problemlərini həll etməyə çalışan deputatların, komitə sədrlərinin də zənglərinə cavab vermirlər ki, bu əlavə problemlərin yaranmasına səbəb olur. Məsələn, elə sitiuasiyalar yarana bilər ki, bu zaman millət vəkili doğurdan da seçicilərinin hansısa çətinliyini aradan qaldırmaq üçün məmurla əlaqə saxlamağa ehtiyac duysun. Amma indi məmurlar "deputatlar şəxsi problemləri ilə bizi bezdiriblər" bəhanəsi ilə məsuliyyəti üzərlərindən atmağa və vəzifə səlahiyyətlərini yerinə yetirməməyə meylləniblər.
Bununla belə problemin bütün millət vəkillərinə aid olduğunu da düşünmək olmaz. Başqa sözlə, komitə sədrləri və nazirlərin millət vəkillərinə fərdi yanaşması var və elə millət vəkilləri də var ki, onların məmurlarla ünsiyyət yaratmaq kimi çətinliyi yoxdur. Təbii ki, burada şəxsi münasibətlər və əlaqələr mühüm rol oynayır. Amma elə millət vəkilləri də var ki, onların nəinki iri məmurlarla hətta yerli icra başçıları ilə də problemləri var. Dəfələrlə şahidi olmuşuq ki, müxtəlif deputatlar seçicilərinin problemlərini həll etmək məqsədilə icra başçılarına çoxsaylı müraciətlər ünvanlasalar da bütün cəhdləri səmərəsiz olub. Bütün bu kimi hallar isə daha bir Azərbaycan anormallığının təzahüründən başqa heç nə deyil.
Millət vəkillərinin və ümumiyyətlə parlamentin səlahiyyətlərinin formal xarakter daşıması, deputatların ölkə daxili proseslərə müdaxilə imkanlarının məhdudlaoşdırılması nəticə etibarilə onların ictimai nüfuzunun xərclənməsinə gətirib çıxarıb. Bu isə öz növbəsində müşahidə etdiyimiz anormal mənzərəni yaradır. Uduzan isə seçicidir, sözün bütün mənalarında...
Orxan Həsənli