Xəbər verdiyimiz kimi,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olublar. Sonra dövlət başçısı və xanımı parkda istirahət edən digər sakinlərlə görüşüb söhbət ediblər.

Unikal.org dövlət başçısı və xanımı parkda istirahət edən digər sakinlərlə görüşündən maraqlı dialoqu sizlərə təqdim edir:

Sakinlər: Nə gözəl qonaqlarımız gəlib. Xoş gəlmisiniz, necəsiniz?

Prezident İlham Əliyev: Salam. Çox sağ olun.

Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə Rəhimova: Allah Sizə cansağlığı versin. Bu gözəl balamız Milli Qəhrəmandır. Siz həmişə şəhid ailələrinin hörmətini saxlamısınız. Allah Sizi hörmətli eləsin. Biz hər səhər bu parkı ziyarət edirik. Sizin tapşırığınız əsasında yenidən qurulan bu park indi başqa bir aləmdir. Allah Sizi var eləsin, ömrünüz uzun olsun gözəl Prezidentimiz.

Prezident İlham Əliyev: Sağ olun. Bu park doğrudan da indi çox gözəl görkəm alıb, müasirləşib, böyük quruculuq işləri aparılıb, yaşıllıqlar salınıb. Bu parkın əvvəlki vəziyyəti sizə yaxşı bəllidir. Burada çox böyük işlər görülüb və vətəndaşların istirahəti üçün geniş imkanlar yaradılıb.

Sakinlər: Sizə təşəkkür edirik. Sizin rəhbərliyinizlə bizim rayonumuz da gözəlləşib. Nəinki bizim rayonumuz, bütün Bakı şəhəri gözəlləşib. Çox sağ olun, minnətdarıq Sizə.

Şəhid anası Saray Quliyeva: Zəngilan rayonundan məcburi köçkünəm. Sizin sayənizdə bütün qayğılarımız həll olunub. Sizin diqqət və qayğınız sayəsində övladlarımın hamısı ali təhsil aldı. Bu iki gül bala nəvələrimdir. Biz Sizi dəstəkləyirik, Sizin yolla gedirik, Sizə inanırıq.

Prezident İlham Əliyev: Mən də sizə güvənirəm, sizə arxalanıram.

Lalə Rəhimova: Şəhid ailələri, Milli Qəhrəman ailələri də Sizinlədirlər.

Prezident İlham Əliyev: Mən də sizinləyəm, həmişə sizin yanınızdayam.

Lalə Rəhimova: Seçimimiz bəllidir, səmamız açıqdır, günümüz xoşdur, bu gözəl güzəranı bizə yaradırsınız, əmin-amanlıqdır, gecə rahat yatıb rahat dururuq. Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Şəhid ailələrinə həmişə böyük diqqət olub, bu gün də bu, belədir.

Lalə Rəhimova: Seçkidən sonra da ilk Sərəncamınızı bizim üçün imzaladınız.

Prezident İlham Əliyev: Bəli, Sərəncam imzaladım və bu Sərəncam indi icra edilir. Əminəm ki, ilin sonuna qədər tam icra ediləcək və 11 min manat ödəniş veriləcək.

Lalə Rəhimova: Verilibdir, mən artıq almışam.

Prezident İlham Əliyev: Sizə verilib, bəzilərinə hələ ki, verilməyib, onlara da veriləcək. Ondan sonra müavinətlər də 242 manatdan 300 manata artırıldı. Əlbəttə, Azərbaycanda digər sosial ödənişlər də artırılıb və biz daha da artıracağıq, çünki buna ehtiyac var. Biz minimum əməkhaqqını, minimum pensiyanı artırırıq. Ancaq daha da artırılmalıdır və artırılacaq. Hazırda iqtisadi vəziyyətimiz də, maliyyə vəziyyətimiz də yaxşıdır. Biz əlavə əldə edilmiş bütün gəlirləri vətəndaşların sosial müdafiəsinə yönəldəcəyik.

Saray Rəhimova: Sizə tələbələr adından təşəkkürümü bildirirəm. Mənim nəvəm yüksək balla ali məktəbə qəbul olub, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alır, onların da təqaüdünü artırmısınız. Bir nənə kimi bütün o uşaqların adından Sizə dərin təşəkkürümü bildirirəm. Elə hesab edin ki, bütün o uşaqlar Sizə təşəkkür edirlər. Mən çox sevindim, çünki təqaüdün tələbə üçün nə demək olduğunu bilirəm.

Prezident İlham Əliyev: Çox sağ olun. Biz həm təqaüdləri artırmışıq, həm də təqaüd alan tələbələrin sayını.

Saray Rəhimova: Bu il də əlaçı oldu. Qırmızı attestatla məktəbi qurtarıb, qəbul olub. İnşallah, gələcəkdə dövlətimizə, millətimizə xeyirli övladlar olarlar.

Prezident İlham Əliyev: İnşallah.

Lalə Rəhimova: Mənim Cavanşirim Qax rayonunda anadan olub. Qax rayonuna getmişdik. O dərəcədə dəyişib ki, Qaxı tanımaq olmur. Sizin sayənizdə çox gözəlləşib.

Prezident İlham Əliyev: Bəli, gözəlləşib.

Lalə Rəhimova: Allah mənə Cavanşirimin adını daşıyan bir övlad da verdi. İndi Cavanşirim hərbi qulluqdadır, Sizin Heydər balanızla eyni vaxtda əsgərliyə gedib. Əsgərlərimiz Sizin əmrinizi gözləyirlər ki, o əzəli torpaqlarımızı tezliklə azad etsinlər. Şəhidlərimizin qanı tökülən torpaqlarımız azad olsun və hamılıqla yığışıb oralara ziyarətə gedək, Azərbaycanımızın bayrağı Şuşada dalğalansın. Amin! Necə ki, Lələtəpədə bayrağımız yüksəldi, eləcə də bütün Azərbaycan torpaqlarında yüksəlsin bayrağımız. Allah Sizi var eləsin! Allah Sizə nəvələrinizin toyunu görməyi qismət eləsin!

Prezident İlham Əliyev: Sağ olun.

Sakin Mirzəağa Quliyev: Mən də Sizi salamlayıram, xoş gəlmisiniz bizim rayonumuza. Bax, yaradılan bu abadlıqlar hamısı Sizin göstərişinizin nəticəsidir. Axşamlar buraya övladlarımızla, nəvələrimizlə, - mənim artıq 5 nəticəm var, - yığışanda Sizə minnətdarlıq edirik. Bütün sahələrdə əldə edilən böyük irəliləyişlər var. Xüsusilə bu sabitlik ki, Sizin hesabınıza, Sizin siyasətiniz sayəsində yaradılıb. Dünyada qarışıqlıq olduğu bir vaxtda Azərbaycanda əmin-amanlıq var. Bunun nəticəsində də bütün sahələrdə nailiyyətlər əldə edilir. Bütün bunlara görə Sizə minnətdarlığımızı bildiririk, Allah Sizə cansağlığı versin.

Prezident İlham Əliyev: Sağ olun.

Minayə Həsənova: Mən neftçi ailəsindənəm, buradakıların 70 faizi neftçi ailələrinin üzvləridir. Mənim 9 nəvəm var, Allah Sizin də nəvələrinizin canını salamat eləsin. Həmişə onları məktəbdən aparanda yapışırlar ki, nənə gedək bir az parkda gəzək. Mən hesab edirəm ki, bu park balaca Dubaydır. Onu bizə Siz bağışladınız. Bura əsl cənnətdir. Əvvəllər saat 4-5-dən sonra burada gəzmək olmurdu, qorxurduq. Hər tərəfi kol-kos basmışdı. İndi isə səhər saat 5-dək arxayın gəzmək olur.

Prezident İlham Əliyev: Mən də çox şadam ki, bu gün sizinlə birlikdəyəm. Ölkəmizin uğurlu inkişafı bundan sonra da təmin ediləcək. Siz də qeyd etdiyiniz kimi, Azərbaycan xalqı sabitlik şəraitində yaşayır. Əmin-amanlıq, sabitlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir. Biz indi dünyada baş verən hadisələri görürük, izləyirik. Harada ki, sabitlik pozulur, orada böyük faciələr baş verir. Azərbaycanda sabitliyin mənbəyi Azərbaycan vətəndaşlarıdır, onların fədakarlığıdır, onların bizə göstərdiyi dəstəkdir. Biz bu dəstəyə arxalanaraq böyük işlər görürük. Bu gün Azərbaycan istənilən sahədə - iqtisadi sahədə, sosial məsələlərin həllində, infrastruktur layihələrinin icrasında liderlik göstərir. Nəinki mərkəzdə, qəsəbələrdə də yollar çəkilir, qazlaşdırma gedir, su xətləri çəkilir, belə gözəl parklar salınır.

Minayə Həsənova: Bunu görməyən nankordur, cənab Prezident.

Lalə Rəhimova: Mən hər gün xəbərləri izləyirəm, Sizin çıxışlarınıza qulaq asıram. Bir gün nəvəm gəldi yanıma dedi ki, bizim İlham babamız nə vaxt bizə qonaq gələcək?

Prezident İlham Əliyev: Gəlmişəm.

Saray Rəhimova: Sizə də, xanımınıza da cansağlığı arzulayıram. Koroğlunun Nigarı, İlhamın Mehribanı, Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Sağ olun.

Saray Rəhimova: Mehriban xanım, mən bir Azərbaycan qadını kimi, Azərbaycan anası kimi Sizinlə fəxr edirəm. Çünki Siz dünya siyasətində olan qadınların içərisində öz sözünüzü demiş bir insansınız. Allah övladlarınızı, nəvələrinizi saxlasın. Allah hamınıza cansağlığı versin.

Birinci xanım Mehriban Əliyeva: Çox sağ olun.

Saray Rəhimova: Siz gözəl ana, gözəl nənə, Azərbaycanın layiqli xanımısınız. Mən bir ana kimi Sizinlə fəxr edirəm ki, Azərbaycanın belə bir xanımı var. Bizim nəvələrimiz, balalarımız Sizdən örnək götürür, ailələrimiz Sizin ailənizdən örnək götürür. Çox şadıq ki, yolumuz açıq, səmamız aydın, getdiyimiz yol bəlli, inandığımız insan bizə arxa-dayaqdır.

Birinci xanım Mehriban Əliyeva: Çox sağ olun.

Minayə Həsənova: Gözümüz aydın olsun, 10 milyonluq xalq olduq. On milyonuncu Mehriban xanım oldu.