Əlcəzair polisi beş milyarderi həbs edib. Onlardan dördü sabiq prezident Əbdüləziz Buteflikanın yaxın silahdaşı hesab olunur.

Unikal.org xəbər verir ki, yerli telekanalların yaydığı məlumata görə, söhbət Kuninef ailəsinin dörd nümayəndəsindən və İssad Rebrabdan gedir. Onların hamısı antikorrupsiya təhqiqatları çərçivəsində saxlanılıb. Milyarderlər, həmçinin “dövlətlə bağlanmış müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirməməkdə və təsir göstərməkdə” ittiham edilirlər.

KİV-lər bildirirlər ki, Əlcəzairin ən varlı insanı sayılan Rebrab başqa işlərlə yanaşı, Liviyaya və Yaxın Şərqin digər ölkələrinə şəkər ixracı ilə məşğul olur, Kuninef ailəsi isə KouGC tikinti şirkətinin əsasını qoyub.

Qeyd edək ki, Əbdüləziz Buteflika aprelin 2-də uzun sürən xalq etirazı və ordunun təzyiqi altında prezident postundan istefa verib. Ölkə Konstitusiyasına əsasən, Xalq Şurasının (parlamentinin yuxarı palatası) rəhbəri Əbdülqadir Bensaleh ölkənin müvəqqəti prezidenti təyin edilib. Əlcəzairdə prezident seçkilərinin iyunun 4-də keçirilməsi nəzərdə tutulur.