Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi Şurasının qərarına əsasən, Türkiyənin nüfuzlu İstanbul Texnik Universitetinin (İTU) rektoru,  professor Mehmet Karacaya  universitetin Fəxri doktoru adı verilib. 

Unikal.org xəbər verir ki, şuranın növbədənkənar keçirilən iclasında AzMİU-nun rektoru, professor  Gülçöhrə Məmmədova doktor Mehmet Karacanın elm və təhsil sahəsində  tanınmış bir alim, təhsil təşkilatçısı olduğunu vurğulayıb, İTU ilə AzMİU arasında əməkdaşlığın inkişaf etdirilməsində xidmətlərini yüksək qiymətləndirib.  

Professor Mehmet Karaca çıxışında qeyd edib ki, bu adı almaq onun üçün böyük qürurdur. O, AzMİU-da olmaqdan və universitetin akademik heyəti ilə görüşməkdən böyük şərəf hissi keçirdiyini bildirib. AzMİU-nun Fəxri doktoru adı verilməsinin böyük əhəmiyyət kəsb etdiyini söyləyən İTU rektoru bu adın “bir dövlət, iki millət” devizi ilə yaşayan xalqlarımız arasında  dostluq və əməkdaşlığın simvolu olacağını xüsusi vurğulayıb.  

Tədbirin sonunda AzMİU-nun rektoru Gülçöhrə Məmmədova İTU rektoru Mehmet Karacaya  Fəxri doktor diplomunu təqdim edib. 

Məlumat üçün qeyd edək ki, AzMİU-nun fəxri doktorları arasında yer alan Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl də İTU-nun məzunudur.