Prezidenti Administrasiyasının dəstəyi, Xarici İşlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə xarici ölkələrin Azərbaycanda akrreditə olunmuş səfirliklərinin rəhbərləri ilə “Azərbaycan Respublikasında aqrar islahatlar” mövzusunda görüş keçirilib. 

Unikal.org-un məlumatına görə, görüşdə çıxış edən nazir İnam Kərimov bildirib ki, görüşün keçirilməsində məqsəd Azərbaycanın aqrar sektorunda aparılan islahatlar barədə məlumat verməklə yanaşı, ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə etməkdir. O, kənd təsərrüfatının Azərbaycan iqtisadiyyatının ən sürətli inkişaf edən sahələrindən biri olduğunu deyib:

 “Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətində üç əsas prinsipə əsaslanır. Bunlar fermerlərlə yaxınlıq, şəffaf və səmərəli idarəetmə, innovasiyaların tətbiqi prinsipləridir. Nazirlik təməl prinsiplərinə söykənərək funksional fəaliyyətini müasir tələblərə uyğun təşkil etmək üçün beş strateji istiqaməti əsas götürüb. Bu istiqamətləri aqrar təhlil, aqrar həllər, aqrar bilik və bacarıqlar, aqrar dəstək və aqrar ticarət kimi təsnif edə bilərik. Aqrar sahədə təhlil, qiymətləndirmə və proqnozlaşdırmanın aparılması, proqram və layihələrin hazırlanması, sahənin strateji planlaşdırılması və innovativ inkişafı vəzifələrinin icrasını təmin etmək məqsədilə Nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Aqrar Tədqiqatlar Mərkəzi yaradılıb. Eyni zamanda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlamışıq. Bu sistem bütün aqrar xidmətlərin elektron hökumət üzərindən həyata keçirilməsinə imkan verəcək və fermerlərə əlavə üstünlüklər yaradacaq. Son üç ay ərzində artıq 50 mindən artıq fermer yeni sistemdə qeydiyyatdan keçib”.

Görüşdə Aqrar Elm və İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), Dövlət Aqrar İnkişaf Mərkəzləri, AMAL və AFAQ layihələri, “Aqrar Tədarük və Təchizat” ASC və "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin (DŞAK) funksiyaları barədə iştirakçılara geniş məlumat verilib.

Daha sonra AKİA-nın sədri Mirzə Əliyev və DŞAK-ın rəhbəri Leyla Məmmədova təmsil etdikləri qurumların əsas fəaliyyət istiqamətləri barədə təqdimatlarla çıxış ediblər.
Görüşdə diplomatik korpus nümayəndələrinin aqrar islahatların müxtəlif istiqamətlərinə dair sualları cavablandırılıb.