Avropa İttifaqı ABŞ-ın İrandan neft alan ölkələrə tətbiq edilən güzəştin müddətini artırmamasından təəssüflənir.

Unikal.org xəbər verir ki, Avropa Komissiyasının sözçüsü Maja Kocijancic keçirdiyi mətbuat konfransında ABŞ-ın İrandan neft idxal edən ölkələrə tətbiq olunan güzəştin müddətini artırmaması ilə bağlı qərarını şərh edərkən deyib: "ABŞ-ın bu qərarını təəssüflə qarşılayırıq”.

O, İranın öz öhdəliklərinə sadiq qalacağı müddətcə Aİ-nin də nüvə müqaviləsini davam etdirəcəyini söyləyib.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp İrandan neft alan ölkələrə tətbiq edilən və mayın 2-də başa çatacaq güzəştin müddətini artırmayıb. Bu barədə Ağ ev məlumat yayıb. Bildirilir ki, D.Tramp İrandan neft alan ölkələrə tətbiq olunan güzəştin müddətini uzatmamaq barədə qərar qəbul edib. Açıqlamada ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digər müttəfiqlərin qlobal neft bazarında tədarükün lazımi səviyyədə təmin edilməsində qərarlı olduqları bildirilir.

Xatırladaq ki, ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsi ötən il noyabrın 5-də qüvvəyə minib. Sanksiyalar çərçivəsində İrandan neft idxalını azaldan 8 ölkəyə - Türkiyə, Çin, Hindistan, Koreya Respublikası, İtaliya, Yunanıstan, Yaponiya və Tayvana 180 günlük müvəqqəti güzəşt tətbiq olunurdu.