“İçərişəhər”də Qala divarlarının bir hissəsinin sökülərək yerində restoran tikilməsi ilə bağlı sosial şəbəkələrdə fotolar yayılıb və ciddi ittihamlar səsləndirilib. Sosial şəbəkə istifadəçiləri Bakının rəmzinin göz görə-görə dağıdıldığını qeyd ediblər.

Unikal.org xəbər verir ki, məsələyə “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Riad Qasımov münasibət bildirib. O, ərazidən videogörüntü yayaraq bildirib ki, qeyd olunan iaşə obyektlərinin tikintisi zamanı divardan aralı beton platformalar hazırlanıb:

“Beton platforma qala divarlarından aralı düzəldilib ki, divara maneə törətməsin və ya divara müdaxilə olunmasın. Əvvəllər restoranlar qala divarına söykənirdi, indi isə ondan tam aralıdır. Konstruksiya işlərində əsas məqsəd, divara söykənən tikililərin divardan ayırmaq, yerində daha müasir tikilər inşa etməkdir.

İçərişəhər həmçinin böyük bir turizm obyektidir. Belə şəhərlərdə kafe və restoranların açılması dünya təcrübəsinə tam uyğundur.

Daş-kərpicsiz, divardan aralıqda 10 ilə yaxın mövcud olan və nədənsə orada səhər yeməkləri yeyən zaman Qala divarları heç yadlarına düşməyən bəzi şəxslərin irad tutduğu kimi yox, yüngül metal konstruksiyalardan ibarət kafe-terraslar yığılır və heç bir abidəyə zərər yetirmir.

İnanmıram ki, bu absurd iradları səsləndirən insanlar indidə baxıb sakitləşsin, amma bir şey aydındır ki - “İçərişəhər” DTMQ İdarəsi öz rəsmi mövqelərini həmin şəxslərdən fərqli olaraq yalnız düzgün faktlar əsasında, hansısa uydurmalar əsasında bildirmir”.

R. Qasımov onu da qeyd edib ki, qala divarlarının uçurulması ilə bağlı paylaşılan şəkillər 2011-2012-ci illərə məxsusdur:

"Şəxsən özüm gündəlik baxış zamanı çəkdiyim şəkil və videoları da paylaşıram. Göründüyü kimi, hansısa şəxslərin uzun müddət öncə çəkdikləri şəkilləri paylaşmaqla guya hazırda Qala divarlarının sökülməsi barədə gülünc iradları tam əsassızdır. Buyurun, sizin istinad etdiyiniz 5-6 ildən çox vaxt öncə çəkilən şəkil yox, bu gün - 24 aprel 2019-ci ilin videogörüntülər”.